Hüquqlara dair Konstitusiya Zəmanətlərinə baxış
Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Dünya Birliyinin tam hüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyavi dövlət quruculuğunu özünün inkişaf yolu seçmişdir. Hələ 1991-ci il oktyabr ayının 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nda “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”yə və hamılıqla qəbul edilmiş başqa beynəlxalq hüquq sənədlərinə qoşulduğunu bəyan etmiş, onlarda nəzərdə tutulan bütün hüquq və azadlıqlara vətəndaşların cinsindən, irqindən və milli mənsubiyyətindən, dini etiqadından, sosial mənşəyindən, siyasi əqidəsindən və başqa hallardan asılı olmayaraq əməl edilməsini, bu hüquq və azadlıqların maneəsiz həyata keçirilməsinin təmin olunmasını öz öhdəsinə götürmüşdür. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirərək, onlara hörməti, insan hüquq və azadlıqlarının qorunmasını bir daha vəzifə kimi qəbul etmişdir. Konstiusiya ilə təsbit edilimiş hüquq və azadlıqların təmin edilməsi üçün ayrı-ayrı sahələr üzrə qanunvericilik bazası yaradılmışdır. Bu qanunvericilik aktları siyahısına
- AR Əmək Məcəlləsi
- AR Vergi məcəlləsi
- “Əmək pensiyaları haqqında” AR Qanunu
- Sosial təminat sahəsində qanunvericilik (sosial müavinət, məşğulluq və s. qanunvericiliyi)
- "Təhsil haqqında" AR Qanunu
- Səhiyyə sahəsində qanunvericlik
- Mülkiyyət haqqında AR Qanunu
və bir sıra digər qanunvericilik aktları daxildir ki bunlar da sosial-iqtisadi hüquların təmin edilməsi üçün hüquqi çərçivələri müəyyən edir.
Ölkənin imzaladığı ve insan hüquqlarının müdafiəsinə kömək eden beynəlxaq konvensiyalara baxış (BƏT, Aarhus Konvensiyası)
Azərbaycan Respublikası 1992-ci ildə “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt” (“İSMH BP”) və “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”a, 2001-ci ildə isə “Əsas hüquqların və azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmaqla Azərbaycan dövlətinin yurisdiksiyası altında olan bütün insanlar üçün fundamental hüquq və əsas azalıqların təmin ediməsini öhdəsinə götürmüşdür.
Azərbaycan höküməti eyni zamanda 2001-ci ildə Avropa Sosial Xartiyasını (ASX) imzalamış 2004-cü ildə isə Azərbaycanın Dəyişdirilmiş Avropa Sosial Xartiyasına qoşulmasıyla bağlı ratifikasiya fərmanı Avropa Şurasına təqdim edildikdən sonra həmin ilin noyabr ayının 1-dən bu sənəd Azərbaycan Respublikasında qüvvəyə minmişdir.
Azərbaycan Respublikası 12 may 1992-ci ildə Beynəlxalq Əmək Təşkilatına üzv olmuş, onun 57 Konvensiyasına qoşularaq burada təsbit olunmuş prinsip və normaları qəbul etmişdir.
Beynəlxalq konvensiya və müqavilələrə qoşulmaqla Azərbaycan öz qanunvericiliyini bu sənədlərdə tələb olunan standartlara uyğunlaşdırmışdır və yuxarıda qeyd olunan aktlar Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.
Bir sözlə Hazırda Azərbaycan Respublikası insan hüquqları və azadlıqlarına dair BMT-nin, ATƏT-in və Avropa Şurasının əksər sənədlərinə qoşulmuşdur. İnsan hüquqları və azadlıqlarına dair həmin sənədlərdə nəzərdə tutulan norma və standartlarin mütləq əksəriyyəti artıq Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə implentasiya olunmuşdur.
Hüquqların həyata keçirilməsi praktikası
1. Sosial-iqtisadi hüquqlar
1.1. Əmək hüquqları
“İSMH” BP-da təsbit eilən əsas hüquqlardan biri də vətəndaşların əmək hüququdur. Əmək hüququnun təmin olunmasının əsas meyarları vətəndaşların sərbəst surətdə iş seçmək, layiqli əmək haqqı almaq, eyni işlər üçün bərabər əmək haqqı almaq, qadın və kişilər arasında ayrı-seçkiliyə yol verilməməsi, təhlükəsiz əmək şəraitində çalışmaq, karyerada irəliləmək üçün bərabər imkanlar, haqqı ödənilən istirahət, məzuniyyətdən istifadə etmək, həmkarlar ittifaqları yaratmaq və onların işində iştirak etmək və s. ibarətdir.
Bu gün rəsmi statistikaya (2016-cı il) görə ölkədə iqtisadi fəal əhalinin sayı 5012.7 (min nəfər), məşğul əhalinin sayı isə 4759.9 (min nəfər) təşkil edir. Muzdlu işçilərin sayı 1514.3 (min nəfər), onların nominal əmək haqqı, 500,00 manat (294.0 $) təşkil edir. Dövlət qulluğunun vəzifələrini tutmuş işçilərin sayı 30090.0 (nəfər), orta aylıq nominal əmək haqqı 635,0 manat (374.00 $) təşkil edir. Bu həcmdə əmək haqqları hazırkı dövrdə “İSMH” BP və ASX-da təsbit edilmiş Ədalətli mükafatlandırma hüququnun təmin edilməsi üçün kifayət deyildir. 2014-cü ilin axırlarından başlayaraq milli valyutanın devalvasiyası işçilərin əmək haqqlarının real dəyərini xeyli aşağı salmışdır. Bununla belə əmək haqqının artım tempi ölkə üzrə faktiki infilyasiya səviyyəsindən aşağıdır. Əmək haqqı üzrə vergilərin miqdarı da kifayət qədər yüksəkdir. Hal-hazırda işçilərin əmək haqqından tutulan vergilərin həcmi 17.5 % təşkil edir. Bundan əlavə işəgötürənlər tərəfindən əmək haqqı ödənişlərinə görə 22.5 % sosial-sığorta məbləğləri ödənilir. Vergilərin səviyyəsinin yüksək olması gizli məşğulluğu stimullaşdıran əsas amildir. Digər tərəfdən gizli məşğulluq bu sahədə çalışan işçilərin gələcəkdə pensiya təminatında böyük problemlər yaradır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2015-ci ildən tətbiq edilən əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydə alınması bu sahədə müsbət irəliləyiş olsa da problem qalmaqda davam edir.
İşsiz əhalinin sayı (BƏT-in metodologiyasına əsasən rəsmi işsiz statusu alanlar da daxil olmaqla) 252.8 (min nəfər) məşğulluq xidməti orqanları tərəfindən rəsmi işsiz statusu verilmiş şəxslərin sayı isə 32972.0 (nəfər) təşkil edir. İşsizlik müavinəti alanların sayı - cəmi 1857.0 (nəfər) olmuşdur. Qeyd etmək lazımdır ki, sərəncamında torpaq sahələri olan əmək qabiliyyətli vətəndaşlar. Bu torpaqlarda hər hansı bir fəaliyyətlə məşğul olub – olmamasından asılı olmayaraq işsiz kimi hesab olunmur və onun işsiz statusu hüququ yoxdur.
Ölkə üzrə minimum əmək haqqı 2018 ci ildə manat 130,00 (76.0 $), Yaşayış minimumu 173.0 manat (102.0$) təşkil edir.
Rəsmi statistikaya görə sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə işləyənlər sayı 32803 nəfər təşkil edir. Bu rəqəmlərin həqiqəti nə dərəcədə əks etdirdiyini söyləmək bir az çətindir. Çünki Əmək və əhalinin sosial müdafiəsi nazrliyinin bu istiqamətdə apardıqları monitorinq və araşdırmaları haqqında informasiyalar açıqlanmır.
Ölkədə əmək münasibətlərini tənzimləyən əsas sənəd Əmək Məcəlləsidir (ƏM) 1999-cu ildən bəri Əmək Məsəlləsinə 309 dəyişiklik olunmuşdur. Bunlardan 70-i ölkə qanunvericiliyində olan dəyişikliklə, 5-i Konstitusiya Məhkəməsinin Qərarları ilə, 234-ü isə Parlamentin Sosial siyasət komissiyasının təklifi ilə dəyişdirilmişdir (http://www.e-qanun.az/code/7). Dəyişiklərdə müsbət çalarlar müşahidə olunsa da, Parlamentdəki deputatların 60%-dən çoxunun işəgötürən olması ucbatından dəyişikliklərin bir çoxunun işçinin ziyanına olub.
ƏM 1999-cu ildə qəbul edilmişdir. Qəbul edildiyi hündən bu günədək ƏM 300-ə yaxın əlavə və dəyişikliklər edilmişdir. Bu dəyişikliklərin bir qismi texniki xarakter daşısa da bəzi dəyişikliklər xüsusi ilə də Əmək Müqaviləsi bağlanması qaydalarına edilən dəyişiklikləri bu sahədə işçilərin vəziyyətini pisləşdirən dəyişikliklər hesab etmək olar. Əmək hüquqlarının tam təmin olunmasına mane olan amil işəgötürənlərin işçilər ilə müddətli əmək müqaviləsi bağlamasıdır. Baxmayaraq ki, qanunvericilik işə götürənlərə müddətsiz əmək müqaviləsi bağlamaq üçün heç bir qadağa qoymur. İşə götürənlər əksər hallarda qanunu pozaraq müddətli əmək müqaviləsi bağlayır və işçiləri bi növ özlərindən asılı edirlər.
İşçilərin Əmək hüquqularının qorunmasında Həmkalar ittifaqlarının rolu yox dərəcəsindədir. 1994–cü ildə qəbul edilmiş “Həmkarlar İttifaqları haqqında” AR qanunu demək olar ki, işləmir. Müstəqilliyin ilk illərində müstəqil Həmkarlar İttifaqları yaradılması üçün müəyyən cəhdlər olsa da hazırda bu tamamilə mümkünsüzdür. ƏM-də və “Həmkarlar İttifaqları haqqında” qanunda qeyd edilməsinə baxmyaraq işçilərin öz təşəbbüsləri ilə müstəqil surətdə həmkarlar ittifaqları yaratması mümkün deyildir. Bu hüququn təmin olunmasına isə başlıca mane işəgötürənlər ilə birlikdə, nə qədər qəribə olsa da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və sahə Həmkarlar İttifaqlarıdır.
Bəzi xarici şirkətlər istisna olmaqla demək olar ki, bütün müəssisələrdə Həmkarlar ittifaqları mövcuddur və iradəsindən asılı olmayaraq bütün işçilər Həmkarlar İttifaqlarının üzvü hesab edilir. Həmkarlar ittifqları üzvlüyündən imtina edən işçilər isə daim təzyiq altında olur. Həmkarlar İttifaqları saxlanması üçün işcilərin əmək haqqından 1-2% məcburi üzvülük haqqı tutulur.
İşçilərin siyasi baxışlarına görə də təqib olunmasına tez-tez rast gəlinir. Müxalifət partiyasının üzvülüyündə olan şəxslərin peşəkarlıq və ixtisas dərəcəsindən asılı olaraq nəinki yüksək vəzifə hətta kiçik və orta rəis vəzifələrinə belə irəli çəkilməsi qeyri-mümkündür.
Bu gün qadınların da yüksək vəzifə tutmalarına da çox nadir hal hesab edilir. Yüksək vəzifə tutan qadınlara ancaq təhsil sistemində rast gəlinir.
Qeyri-qanuni işdən azad edilmələr.
İşçilərin qeyri-qanuni olaraq işdən azad edilməsi bu gün respublikada çox adi bir hal almışdır. Belə ki, pensiya yaçına çatmış insanlar müdriyyətin təzyiqi ilə işdən azad edilir, onlara öz əmək fəaliyyətlərini davam etdirməyə imkan verilmir. Baxmayaraq ki, qanunvericilik pensiya yaşına çatmış insanların işləməsini qadağan etmir. (Dövlət büdcəsindən maliliyyəşən idarə və müəssisələdə bəzi istisnalar var). İşçilərin ixtisarı zamanı qadınlar və bu qəbildən olan insanlar daha çox işdən azad edilirlər.
Məcburi əmək. Respublikada məcburi əməyin ən çox yayılmış forması işçilərin haqqı ödənilmədən işdən artıq vaxtlarda və istirahət günlərində işlərə, iməcilik, növbətçilik (heç bir əvəzgün verilmədən) kimi işlərə cəlb edilməsidir. Bu hal demək olar ki, bütün iş yerlərində tətbiq olunur.
2018-ci ildən nümayəndəlik institunun ləğv edilməsi sosial-iqtisadi hüquqların bərpası üçün məhkəmə çəkişmələrinin sayının və keyfiyyətinin azalmasına səbəb olacaqdır.
1.2. Sosial təminat hüququ
Sosial hüquq insanın ləyaqətli həyat şəraitini və sosial müdafiəsini təmin edir. Bu hüquqlar Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində, insan hüquqlarının Ümumi Bəyannaməsinin maddələrində, eləcə də iqtisadi, sosial və mədəni hüquqlar haqqında Paktın 9-12-ci maddələrində öz əksini tapıb. Sosial müdafiə və sosial təminat xərcləri dövlət büdcəsini 13.3% -ni təşkil edir.
1.3. Qadınların sosial müdafiəsi
Sosial hüquqlar arasında uşağın doğulmasına görə müəyyənləşən analıq məzuniyyəti hüququ əsas yerlərdən birini tutur. “Sosial sığorta haqqında” qanuna əsasən hamiləlik və doğum sosial sığorta hadisəsi hesab olunur. Hamiləliyə və doğuma görə müavinət hesablanması və ödənilməsi qaydası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə işəgötürənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə» ilə tənzimlənir.
Hamiləliyə və doğuma görə müavinəti almaq hüququ işləyən və sosial sığorta ödəyən şəxslərə verilir. Bu hüquq ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Hamiləlik dövründə və doğumdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğum çətin olduqda, iki və ya daha çox uşaq doğulduqda, doğumdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. Bundan əlavə, bəzi kənd təsərrüfatı istehsalı bilavasitə çalışan qadınlara hamiləliyə və doğuma görə məzuniyyət 140-180 gün arasında verilir.[i]
Doğuma və hamiləliyə görə məzuniyyət haqqı məzuniyyətə çıxılan aydan əvvəlki 12 ayın əmək haqqı məbləği ilə hesablanır.
Azərbaycanda əksər MDB ölkələrindən fərqli olaraq, uşağın doğulması zamanı analıq kapitalının ödənişi nəzərdə tutulmur. Bunun əvəzində övladı dünyaya gələn valideynlərə(hansı işləyirsə ona) birdəfəlik müavinət verilir. Bu müavinət hazırda 90(50$) AZN-ə bərabərdir. İki və ya daha çox uşaq doğulduqda birdəfəlik müavinət doğulan uşaqların sayına görə verilir.
Müqayisə üçün qeyd edək ki, bu müavinət Qazaxıstanda 2017-ci il 1 iyuldan etibarən 1, 2 və 3-cü uşağa görə 86 222 təngə, yaxud 465,6 manat, 4-cü və ondan sonrakı hər uşaq üçün isə 142 947 təngə və ya 771,9 manat təşkil edir.[ii]
Belarusda 01 may-31 iyul 2017-ci il tarixinə 1-ci uşağın doğulmasına görə birdəfəlik müavinətin həcmi 1838,2 rubl və ya 1671,1 manat, 2-ci və sonrakı hər uşağa görə isə 2573,4 rubl və ya 2339,5 manat təşkil edib. Əkizlərə, üçəm və ya dördəmlərə görə əlavə olaraq hər uşaq üçün 367,64 rubl(334,2 manat) birdəfəlik kompensasiya ödənilir. Özü də ölkə üzrə orta aylıq əmək haqqına bağlı olduğu üçün bu məbləğlər hər il, əksər hallarda isə hər rüb artır. Hətta orta aylıq əmək haqqı azalsa belə, uşaq doğulandan əvvəlki yüksək məbləğə uyğun hesablanır.[iii]
Hal hazırda əlkədə qismən ödənişli sosial məzuniyyətin aylıq məbləği: Uşaq yaşyarıma çatanadək 40(35$) manat, 3 yaşına çatanadək isə 25(17 $) manat təşkil edir. Bu məbləğ hal hazırda müvafiq icra hakimiyyəti tərəfindən təyin olunur və olduqca azdır. Eyni zamanda: məsələn 1000 manat əmək haqqı alan qadın da bu məbləğ alır, 120 manat əmək haqqı alan qadın da bu məbləğdə qismən ödənişli sosial məzuniyyət haqqı alır.
1.4. Əmək pensiyaları
Əmək pensiyaları haqqında yeni qanun 2006-ci ildən qüvvədədir. Lakin 2006–cı ildən bu günədək olan müddətdə qanuna çoxlu sayda dəyişikliklər edilmişdir. Təkcə 2017-ci il də qanuna edilən dəyişikliklərin sayı 98–dir. Qanuna tez-tez edilən dəyişikliklər vətəndaşların qanun haqqında təsəvvürlərinin azaldır. Dəyişikliklər əsasən ağırlaşdırıcı dəyişikliklərdir. Məsələn Pensiya yaşının artırılması (qadınlar 60-dan 63-ə, kişilər üçün 63 yaşdam 65 yaşa qaldırlıması), minimum pensiya kapitalı və 25 illik sığorta atajı tələbinin qoyulması bu qəbil dəyişikliklərdən hesab edilə bilər. Yeni dəyişikliklərin 01.07.2017-ci il tarixdən qüvvəyə minməsindən sonra pensiyanın baza hissəsi ləğv edildi və bununlada pensiya ödənilməsində minimum dövlət təminatı ləğv edilərək pensiya məbləğinin toplanması vəzifəsi vətəndaşın üzərinə qoyuldu. Dəyişikliklərə görə kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılacaq. Beləliklə kişilər 01.07.2021-ci ildən, qadınlar isə 01.07.2027-ci ildən 65 yaşında pensiya təminatı hüquqi əldə edəcəklər. Bu dəyişiklikləri etməklə dövlət pensiya alanların sayı ilə bərabər büdcə yükünü azaltmaq əzmindədir.
Dünya Bankının məlumatlarına əsasən Hazırki yaş senzi şəraitində Azərbaycanda vətəndaşların pensiya almaq müddəti 7.5 ilə bərabərdir. Belə ki, pensiya çıxdıqdan sonra vətəndaş yaşadığı 7 il ərzində, topladığı pensiya kapitalını tam şəkildə ala bilməyəcək.
Dəyişikliklər güzəştli şərtlər ilə pensiya almaq hüququ olan vətəndaşların vəziyyətini pisləşdirmişdir. Eyni zamanda güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsində bir sıra bürokratik əngəllər yaradılır. Əmək pensiyası haqqında qanunun indiki formada tətbiqi əhalinin pensiya təminatı sahəsində çox böyük problemlər ilə üzləşəcəyini indidən xəbər verir. Sosial təminat sahəsində digər ödənişlər (müavinət və yardımlar) sahəsində də vəziyyət ürək açan deyildir.
Problemlər:
- Pensiya təminatı sahəsində mövcud olan ən böyük problem qeyri-rəsmi məşğulluq səviyyəsinin yüksək olmasıdır. Hazırda Azərbaycanda əmək müqaviləsi olmadan işləyənlərin sayı təqribən 1,5 milyon nəfərdir. Bu həmin sayda insanın pensiya təminatı üçün zəruri olan sosial sığortaya cəlb olunmadan çalışması deməkdir. Artıq minlərlə şəxsin sığorta kapitalı minimum məbləğdən aşağı olduğu üçün pensiya tətin olunmasından imtina edilib.
- Qeyri-rəsmi məşğulluq problemini həll etmək üçün hökumət tərəfindən tədbirlər planı qəbul edilib. Planın detalları ictimaiyyətə açıqlanmasa da, orada nəzərdə tutulan tədbirlərin bəziləri artıq məlumdur. Həmin tədbirlərdə qanunvericiliyin tələbini yerinə yetirməyənlər üçün inzibati və cinayət məsuliyyəti nəzərdə tutulub. Təəssüf ki,qanunların icrasına dövlət və ictimai nəzarət olmadığından bu vaxtadək heç bir işəgötürənin cəzalandırılması müşahidə olunmayıb.
1.5. Əlil insanların sosial müdafiəsi
Azərbaycanda əlillərin sosial hüquqları “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında”, “Sosial sığorta haqqında”[iv] və digər qanunlar, həmçinin Nazirlər Kabinetinin qərarları və əlaqədar qurumların hüquqi-normativ aktları ilə tənzimlənir.
Əlillik 1, 2 və 3-cü qruplar üzrə müvəqqəti və ya ömürlük təyin olunur.
“Əmək pensiyaları haqqında” qanuna əsasən minimum 5 illik əmək stajı olan əlillər əmək pensiyası almaq hüququna malikdir. Onun məbləği əlil olan şəxsin stajından asılı olaraq fərqlənir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin son məlumata görə, 1 oktyabr 2017-ci il tarixə ölkə üzrə 390 151 nəfər şəxs əlilliyə görə əmək pensiyası ilə təmin olunub. Bu zaman ölkə üzrə orta əmək pensiyası məbləği 204 AZN, yaşa görə əmək pensiyalarının orta məbləği isə 228 AZN təşkil edib.
Pensiya almağa stajı çatmayan əlillər dövlət tərəfindən ödənilən müavinət alırlar. Aylıq müavinətlərin həcmi ölkə prezidenti tərəfindən təsdiqlənir. Axırıncı dəfə müvinətlərin həcmi 2016-cı ilin fevralında 10 faiz artırılıb. 2017-ci ilin 1 iyuluna əlilliyə görə müavinət alanların sayı 155,9 min nəfər təşkil edib.
2. İqtisadi hüquqlar
Azərbaycanda iqtisadi hüquqların ən mühümlərindən biri olan azad sahibkarlıq hüququnun həyata keçirilməsi prosesini qiymətləndirmək üçün mövcud vəziyyət, beynəlxalq qurumların hesabatları, həmçinin mətbuatda mövzu ilə bağlı yerləşdirilmiş materiallar, ekspert rəyləri öyrənilib. Bununla yanaşı, sahibkarlıq mühitini tənzimləyən qanunvericilik və burada aparılan təkmilləşmələr nəzərdən keçirilib.
Azad sahibkarlıq hüququ Azərbaycan Respulikasının Konstitusiyasında əksini tapan başlıca hüquqlardan biridir. Konstitusiyanın 59-cu maddəsində qeyd olunur: "Hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqalar ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər".
Azərbaycanda sahibkarlıq fəaliyyəti Konstitusiyadan əlavə, Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Şəhərsalma və Tikinti Məcəlləsi, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Xarici investisiyaların qorunması haqqında”, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, “Antiinhisar fəaliyyəti haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”, “Lisenziyalar və icazələr haqqında” və sair qanunlarla, Nazirlər Kabinetinin çoxsaylı qərarları ilə tənzimlənir.
Azərbaycanda 2014-cü ildən başlanan təzyiqlər nəticəsində vətəndaş cəmiyyətinin fəaliyyəti kəskin şəkildə məhdudlaşıb. Nəticədə sahibkarlıq mühitinin qiymətləndirməsinə dair yerli tədqiqat və ya monitorinq hesabatları hazırlanmır. Buna görə də istinad kimi beynəlxalq səviyyəli hesabatlara istinad edilir.
Azərbaycanda sahibkarlıq mühitinin vəziyyətini əks etdirən ən mötəbər hesabat Dünya Bankının "Doing Business” hesabatıdır. Doing Business 2018: İş yerlərinin yaradılması məqsədilə islahatlar" sonuncu reytinq hesabatında Azərbaycan 190 ölkə arasında 57-ci yeri tutub. Bundan əvvəlki hesabatda isə Azərbaycan 65-ci yerdə idi. Reytinq hesablanarkən qiymətləndirilən 10 indikatordan 5-i üzrə Azərbaycan irəliləyiş əldə edib. Bunlar Elektrik şəbəkəsinə çıxış, Əmlakın qeydiyyatı, Kiçik investorların hüquqlarının qorunması, Vergilərin ödənilməsi, Müflisləşmə prosedurlarının rahatlığıdır.
Hesabatda 4 indikator üzrə Azərbaycanın mövqeyində geriləmə qeydə alınıb. Bunlar biznesə başlama, Tikintiyə başlama(190 ölkə arasında 161-ci yer), Sərhədyanı ticarətin vəziyyəti (190 ölkə arasında 83-cü yer) və kreditə əlçatanlıq (2010-cu ildə 183 ölkə arasında 15-ci yer, 2018-ci il üzrə hesabatında isə 190 ölkə arasında 122-ci yer).
"Forbes" jurnalı tərəfindən tərtib olunan "Biznes üçün ən yaxşı ölkələr – 2018" adlı reytinqdə isə Azərbaycan 70-ci yeri tutub. Bu, 2016-cı ildəki 64-cü yerlə müqayisədə 6 pillə geriləmə deməkdir. Reytinq 153 ölkəni əhatə edir. Siyahı Freedom House, Heritage Foundation, Property Rights Alliance, United Nations, Transparency International, World Bank Group və World Economic Forum kimi təşkilatların məlumatları əsasında tərtib olunub. Tərtibat zamanı 15 meyar nəzərə alınıb ki, bunların arasında innovasiyalar, özəl mülkiyyət, infrastruktur, vergi sistemi və s. qeyd etmək olar. Müqayisə üçün qeyd edək ki, Gürcüstan reytinqdə 52, Türkiyə 56, Rusiya 58-ci yerdə qərarlaşıb.
Artıq 3 ilə yaxındır ölkənin bank sektoru ciddi problemlər yaşayır. Bu müddətdə 12 bank bağlanıb, bank filiallarının sayı kəskin azalıb. Eyni zamanda bankların kredit şərtləri ağırlaşıb ki, bu da sahibkarların maliyyə reusrslarına əlçatanlığını daha da pisləşdirib. Hazırda kiçik və orta sahibkarların ən böyük problemlərindən biri məhz kredit faizlərinin, girov təminatının yüksəkliyi üzündən maliyyə resurslarına əlçatanlığın zəif olmasıdır.
2015-ci ilin noyabrından etibarən Prezidentin təşəbbüsü ilə kiçik istisnayla Azərbaycanda dövlət qurumları tərəfindən sahibkarlıq subyektlərinin yoxlamaları dayandırılıb. 2017-ci ilin noyabrında bunu ehtiva edən qanununun müddəti daha 4 illiyə uzadılıb.
Bundan əlavə, sahibkarlıq subyektlərinin bir sıra istiqamətlərdə sənədləşmə işləri ASAN xidmətə verilib. Bu isə korrupsiya imkanlarını məhdudlaşdırıb.
Azərbaycanda azad sahibkarlıq hüququnu məhdudlaşdıran başlıca problemlərdən biri də inhisarlaşma səviyyəsinin yüksək olmasıdır. Son illərədək idxal sahəsində kəskin inhisarçılıq mövcud olub. Lakin iqtisadi böhranın başlandığı 2015-ci ildən etibarən bu vəziyyət aradan qaldırılıb. Yerli ekspertlərin qənaətincə, digər istiqamətlərdə yüksək səviyyədə inhisarlaşmanın olması, azad rəqabət şəraitinin yaradılmaması sahibkarlıq qarşısında duran mühüm problemlərdən biridir.
3. Mülkiyyət hüququ
Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Dövlət təəsüf ki, bu məsələlərdə üzərinə götümüş olduğu qarant funksiyasını yerinə yetirmir. Son dövrlər bəlkə də ən kütləvi hüquq pozuntuları mülkiyyət sahəsindədir 2000-ci ildən etibarən ölkədə Bakı şəhərinin yenidən qurulması ilə əlaqədar reallaşdırılan layihənin həyata keçirilməsi nəticəsində minlərlə insanların mülkləri qanunsuz yolla əllərindən alınır və bəzi hallarda onlara heç bir kompensasiya ödənilmir. Hökümət səbəb kimi tikilinin qanunsuz olması, ya da mükliyyətçinin öz əmlakını bazar qiymətindən baha qiymətə dəyərləndirilməsi ilə izah edir. Dövlət mülkiyyətin özgəninkilşdirilməsinə onun dəyərinin ədalətli ödənilməsi şərti ilə yol verə bilər. Lakin təəssüf ki, reallıqda heç də belə deyildir.
Bəzi beynəlxalq təşkilatlar da öz hesabatında hökümətin qanunsuz əməllərini qeyd ediblər. Məsələn “Human Rights Watch” ((05.17.2011 “Azadlıq”, Yeni Müsavat”, “Şərq” və sair) Bakı meriyasına göndərdiyi açıq məktubda qanunsuz söküntülərə və sakinlərin zorla köçürülməsinə son qoymağa çağırıb. Təşkilatın məktubunda bildirilir ki, "memarlıq görünüşünün yenilənməsi" adı altında paytaxtın mərkəzində daşınmaz əmlakın qanunsuz müsadirəsi, sakinlərin zorla öz evlərindən köçürülməsi baş verir ki, bu zaman insanlar daşınmaz əmlak və şəxsi mənzillərindən məhrum olub, mülkiyyət hüquqları kütləvi şəkildə pozulur.
Mənzillərə görə sakinlərə ödənilən məbləğ bazar qiymətlərindən xeyli aşağıdır. Təşkilat Azərbaycan hökumətini bu qanunsuzluğun qarşısını almağa çağırıb.
Digər beynəlxalq təşkilatların hesabatlarında yazılıb ki, dövlət orqanları tərəfindən əmlak toxunulmazlığına əməl olunmur və insanların mülkiyyət hüququ kobud şəkildə pozulur.
Mülkiyyət hüquqları kobud şəkildə pozulan tək vətəndaşlar deyil, sahibkarlar da tez-tez üzləşir. Dövlətin iri layihələrində mənzillərlə yanaşı, kommersiya obyektləri də söküntünün qurbanına çevriliblər. “Qış bulvarı” deyilən ərazidə kifayət qədər kommersiya obyektləri söküldü, lakin heç bir kompensasiya verilmədi. Bundan başqa məmurlar və icra başçıları tərəfindən də xeyli sayda sahibkarlıq obyektləri məcburi qaydada əllərindən alınıb. [1]
Ölkədə neft pulları və beynəlxalq kreditlər hesabına aparılan tikinti və infrastrukur layihələrinin təsirinə məruz qalmış çoxlu sayda mülkiyyətçilər də ədalətli kompensasiya almadan öz mülkiyyətlərindən məhrum olmuşlar. Məs:
- Azərbaycan Dövlət Neft Fondundan maliyyələşən Oğuz-Qəbələ-Bakı su kəmərinin reallaşdırılması zamanı, həm ciddi korrupsiya halları müşahidə olundu(Belə ki,layihə sifarişçisi Azərsu, layihə büdcəsinə sonradan əlavə olunmuş 300 milyon manat vəsaitin hara xərcləndiyinə aydınlıq gətirə bilmədi), həm də ki layihə icra olunan ərazidə kəmərin təsirinə məruz qalmış 4000 torpaq mülkiyyətçisinin hüququ pozuldu. 2007-ci ildə başlayıb 2011-ci ildə sona çatmış layihənin təsirinə məruz qalmış mülkiyyətçilərin əksəriyyəti hələ də itirdikləri faydaya və dəymiş zərərə görə kompensasiya ala bilmir.
- Azərbaycanın 6 filiz yatağının istismarı üçün 30 illik saziş bağlayan AIMROC (“Azerbaijan International Mineral Resources Operating Company, Ltd.”) tərəfindən riskə məruz qalan ərazidə yaşayan Gədəbəy rayonunun Arıqdam kəndinin 80 nəfər mülkiyyətçinin də hüquqları pozulub.
Dövlət əhəmiyyətli infrastrukturların layihələrin icrasənda şəffaflığa əməl olunmur. Əksər hallarda kommersiya layihələri belə Dövlət ehtiyacı adı altında həyata keçirilr. Məhkəmə də bu məslələrin həllində qanunun deyil müxtəlif maraqların, sifarişçilərin yanında olur. Bu gün məhkəmələrdə mülkiyyət işləri üzrə yüzlərlə mübahisə var. Mülkiyyət hüququ ilə bağlı artıq 200-dən artıq iş isə Avropa Məhkəməsindədir. Yalnız Beynəlxalq Maliyyə İnstitutlarının hesabına reallaşdırılan “Yol layihələrində” ictimai nəzarətin təmin olunması və həmin qurumların siyasəti hesabına riskə məruz qalan əhalinin hüquqlarının bərpası mümkün olmuşdur (nhmt-az.org).
Mülkiyyət hüququnun təmin edilməsində digər mühüm problem, mülkiyyətdə olan daşınmaz əmlaka sahiblik haqqında (qeydiyyat sənədi) sənədin alınmasında olan çətinllik və korrupsiyanın mövcud olmasıdır. Konstitusiya edilmiş son dəyişiklilərdə
- Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.
- Sosial ədalət və torpaqlardan istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər maddələrinin əlavə edilməsi mülkiyyət fundamental hüquq olan mülkiyyət hüququnun əsaslarını sarsıdır.
2015-ci ilədək əhalinin mülkiyyət hüququnun qorunmasında ölkənin VC fəal iştirak edirdi. Monitorinq və qiymətləndirilmələr aparılır, ictimai dinləmələr keçirir, problem ictimailəşdirilir, mülkiyyətçilərə pulsuz hüquqi yardım edilirdi. Ölkədə hakimiyyətin apardığı siyasət nəticəsində QHT-rin fəaliyyəti məhdudlaşdığı və azad mətbuatın olmadığı üçün, artıq bu sahədə gedən proseslər haqqında heç bir məlumat yoxdur. Hal hazırda nümayəndəlik İnstitunun ləğvi isə imkansız əhalini tamamilə müdafiəsiz qoyub.
Hüquqların pozulması səbəbləri:
• Əhalinin hüquqi biliklərinin zəif olması və mülkiyyət hüquqlarını zəif bilməsi.
• Vəzifəli şəxslər tərəfindən normativ hüquqi aktların tələblərinin pozulması və qüvvədə olan qanunların tədbiq və icra edilməməsi.
• İctimai nəzarətin zəif olması, hal hazırda isə ictimai nəzarətin ümumiyyətlə olmaması.
• Kütləvi informasiya vasitələrinin mülkiyyət hüquqlarının pozulmasını ictimailəşdirməkdən və yazılar verməsindən çəkinməsi.
• Məhkəmədə hüquqların bərpa edilməsində olan problemlər (iddianı tam etməmək, dəymiş ziyanı ödəməmək, süründürməçilik və sair).
• Məhkəmə qərarlarının icrasında süründürməçilik.
• Mülkiyyət hüquqlarını pozan vəzifəli şəxslərin müvafiq məsuliyyətə cəlb olunmaması.
4. Ekoloji hüquqlar
Ətraf mühitin indiki və gələcək nəsillər naminə mühafizəsi – beynəlxalq ekologiya hüququnun mərkəzi prinsipidir. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, dövlətlər indiki və gələcək nəsillər naminə ətraf mühitin keyfiyyətinin qorunub saxlanması və yaxşılaşdırılması və təbii ehtiyatların rasional idarə olunması istiqamətində bütün zəruri tədbirləri görməlidirlər.
Ekoloji məsuliyyət – hüquq tərəfindən təbiətin obyektləri və onun komplekslərinin mühafizəsinə aid hüquqi qaydaların tələblərinin pozulması zamanı əmələ gələn qeyri qənayətbəxş nəticələridir.
Azərbaycanda ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyinin pozulması nəticəsində həm hüquqi, həm də fiziki şəxslər respublikanın qanunvericiliyinə uyğun olaraq, inzibati maddi intizamla bağlı və cinayət məsuliyyətini daşıyır.
Lakin təsüflər olsun ki, əksər hallarda bu məsuliyyət yalnız maddi intizamlar tənzimlənir. Və proses davam edir.
Ölkədə ətraf mühitə vurulan ziyanın əsas hissəsi hasilat sənayesində fəaliyyət göstərən şirkətlər tərəfindən vurulur. Aşağıdakı cədvəldən göründüyü kimi ölkədə fəaliyyət göstərən neft şirkətləri ətraf mühitə (torpağa, suya, havaya) ciddi ziyan vururlar. Məs: Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən karbohidrogen hasilatı prosesində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin və bu sahədə qəbul olunmuş normativ hüquqi aktların tələblərinin pozulması, formalaşan tullantıların ətraf mühitə atılması, yerləşdirilməsi və axıdılması ilə əlaqədar uyğun olaraq AÇG yataqlarının tammiqyaslı işlənməsi üzrə operator olan BP Azərbaycan şirkəti 2015-də 157.000 man., 2016-da 169 000 man., 2017-ci ildə isə 184000 manat olmaqla üç il ərzində 585 729.0 manat(340 540.116 dollar) SOCAR 2015-də 130194.88 man, 2016-da 142771.21 manat, 2017- ci ildə 76186 manat olmaqla üç il ərzində 349 152.09 man(203 995.401 dollar) məbləğində cərimə olunmuşdur. O cümlədən də başqa şirkətlər. Cərimələrin davamı və artması göstərir ki, qeyd olunan nöqsanlar aradan qaldırılmır. Şirkətlər isə havanı, suyu, torpağı tullantılarla zəhərləməkdə davam edir. Ölkə əhalisinin sağlamlığına ziyan vuran şirkət rəhbərləri isə cinayət məsuliyyətinə cəlb olunmur! [2]
Neft layihələrinin ətraf sosial mühitə təsiri ilə əlaqədar risqə məruz qalan ərazilərdə müxtəlif qurumlar, ekspertlər tərəfindən aparılan monitorinq və qiymətləndirmələr, təsdiq edir ki, hasilat zamanı ətraf mühit aşağıdakı təsirlərə məruz qalır. Bu zaman həm ölkə qanunvericiliyi, həm də ölkənin qoşulduğu müxtəlif Konvensiyalar pozulur.
- Atmosferə atılan emissiyalar (səmt qazları‐metan, uçucu üzvi birləşmələr, qazın yandırılması və s);
- Quyu avadanlıqlarında və kompressor stansiyalarında sudan istifadə, yuma nəticəsində çirkləndirici maddələrin yerüstü və qrunt sulara, o cümlədən Xəzər dənizinə atılması; [3]
- Neftlə bərabər yüksək minerallaşmış lay sularının səthə çıxarılması;
- Torpaqların neft və neft məhsulları ilə çirklənməsi;
- Qazma şlamları və onların basdırılması;
- Qəza hadisələri nəticəsində neft dağılmaları;
- İstismardan çıxarılmış texniki avadanlıqlar, üzən vasitələrin qalıqları və təmir‐tikinti işləri nəticəsində formalaşan bərk tullantılar.
Bu da risqə məruz qalan əhalinin sağlamlığına ciddi təsir edir. Bu təsirin nə dərəcədə ciddi olduğunu müəyyənləşdirilməsi üçün NHMT eksperti tərəfindən ölkənin 5 rayonunda müqayisəli qiymətləndirilmə aparılmışdır (http://nhmt-az.org/frontend/pages/human-rights-inner.php?id=145). Neft layihələri reallaşdırılan üç rayonda (Salyan, Neftçala və Şirvan) və heft layihələri reallaşdırılmayan iki (Ağcabədi və Ucar) rayonda. Qiymətləndirmə zamanı, neft layihələri reallaşdırılan rayonlarda yaşayan əhalinin sağlamlığı ilə,başqa rayonlarda yaşayan əhali sağlamlığı arasında çox ciddi fərq olduğu aşkar olunmuşdur. Bu da Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinə ziddir[4]
Bununla da ölkədə reallaşdırılan neft layihələrində iştirak edən şirkətlrər tərəfindən yerli qanunvericilik, və Azərbaycanın qoşulduğu bəzi beynəlxalq Konvensiyalar da pozulur.
|
Şirkətlər |
2015(man) |
2016(man) |
2017(man) |
Cəmi(man) |
1 |
BP |
157.000 |
169 000 |
184000 |
585 729.0 |
2 |
SOCAR |
130 194.88 |
142.771,21 |
76186 |
349 152.09 |
3 |
SOCAR AQŞ |
2347.35 |
1975 |
12307 |
16 629.35 |
4 |
Salyan OİL |
3970.0 |
4156.0 |
4321 |
12 447.0 |
5 |
Bahar Enerji |
5341.31 |
4413.31 |
5421 |
15 135.31 |
6 |
SuraxanıOİL |
8043.0 |
10325.0 |
17564 |
35 932.0 |
7 |
Azgerneft |
7257.0 |
8150.0 |
17602 |
33009.0 |
8 |
Binəqədi OİL |
7438.0 |
7358.0 |
7715.00 |
22511.0 |
9 |
Abşeron OC |
1810.0 |
1850.0 |
1786.0 |
5446.0 |
10 |
Gobustan OLTD |
1100.0 |
1750.0 |
1148.00 |
3998.0 |
11 |
Balaxanı ƏŞ |
10270.0 |
11100.0 |
23200.0 |
44570.0 |
12 |
Qarasu ƏŞ |
7200.0 |
7150.0 |
7240.0 |
21590.0 |
13 |
Neftçala ƏŞ |
5270.0 |
5230.0 |
5180.0 |
15680.0 |
14 |
Şirvan ƏŞ |
12060.0 |
12115.0 |
12211.00 |
36 386.0 |
15. |
Petro Hongong Pirsaat OİLLimited MMC |
710.00 |
750.0 |
740.0 |
2200.0 |
16 |
Gulf Drilling MMC |
|
1200.0 |
|
1200 |
17 |
SOCAR Ümir MMC |
|
2010.0 |
1095 |
3105 |
18 |
SOCAR CEP MMC |
|
359.0 |
|
359.0 |
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2017-ci ilin aprelində (http://www.kaspi.az/az/etraf-muhite-vurulan-ziyan/) ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 158 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 35 müddətli "məcburi göstəriş” verilib. Ümumilikdə, 56 iş üzrə 63600 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 24 iş üzrə 45079,44 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 268 iş üzrə 53132,16 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 28, icra qurumlarına 24, məhkəmələrə isə 5 iş göndərilib.
Lakin görülən tədbirlər qeyd olunan ziyanın qarşısını ala bilmir. Məsul şəxslərin vəzifə səlahiyyətlərindən istifadə edərək ölkə ərazisində parkların, ağacların kəsilərək yerində çoxmərtəbəli bina tikmələri, neft pulu hesabına reallaşdırılan layihələrin ətraf mühitə vurduqları ziyan hələ də davam etməkdədir. (http://musavat.com/news/zerife-eliyeva-adina-park-hacibala-abutalibovun-icazesi-ile-yox-edildi-yazdiqlarimizin-izi-ile-fotolar_496112.html) (https://news.milli.az/country/571299.html) (https://azertag.az/xeber/Nerimanov_rayonunda_19_agacin_mehv_edilmesi_fakti_askar_edilib-1089679) (http://qafqazxeber.az/2017/08/bakida-agaclari-q%C9%99sdl%C9%99-yandirdilar-fotolar/)
Neft pulu hesabına reallaşdırılan Oğuz-Qəbələ-Bakı su kəməri çəkilərkən layihənin eoloji ekspertizası aparılmadığından kəmər ətrafa sosial mühitə ciddi ziyan vurdu. Yeraltı çaylar istiqamətini dəyişdi, bulaqların çoxu qurudu, ətrafdakı tuqay meşələri tədricən məhv oldu. Bundan isə yerli əhaliyə ciddi ziyan dəydi. Layinənin tikintisinə hazırlıq və tikintinin aparlma fazalarında ətraf mühit ilə baglı sənədlər ictimiyyət üçün açıqlanmamışdı. Nəticədə ictimaiyyət, kəmərin kecdiyi ərazilərdə yaşayan əhali layihənini təsirləri və bu təsirləin nəticələrinin aradan qaldırılması tədbirləri haqqinda məlumatlardan məhrum olmuşdur. Layihənin həyata keçirilməsinə hazırlıq dövründə ictimai müzakirə və məlumatlandırma kampaniyaları da aparılmamışdı. Tikintinin həyata kecirən şirkətlərin ekoloji və sosial siyasətləri və bu sahədə olan öhdəlikləri nə kəmər boyu yerləşən icmalar nə də ki, ümumilikdə cəmiyyət üçün açıqlanmamışdır. Bununla da yerli qanunvericilik və ölkənin qoşulduğu Konvensiyalar pozulmuşdur.[5]
Problemlər
Azərbaycanda ətraf mühitin qorunmasının başlıca prinsiplərindən biri ətraf mühitin qorunması sahəsində əhali və ictimai təşkilatların iştirak etməməsidir [6] Təəssüflər olsun ki, “Qrant haqqında qanuna”olunmuş əlavə və dəyişikliklər ekoloji sahədə fəaliyyət göstərən QHT-rin də fəaliyyəyətinə ciddi təsir etdi. Hal hazırda heç bir müstəqil ekoloji QHT fəaliyyəti və vətəndaş nəzarəti müşahidə olunmur. Vətəndaşların da bu sahəyə maraqlarının az olmasını, onların az fəallığını, və müvafiq olaraq vəziyyətin dəyişməzliyini izah edir. Diğər tərəfdən Orxus Konvensiyasına aid olan məsələlər barədə əhalinin lazımı qədər məlumatlı və xəbərdar olmamaları da onun passivliyinin təsirli faktorudur.
- Əksər məmurlar Orxus Konvensiyasına aid məsələlər üzrə səriştəsiz və az məlumatldırlar (əksər yerli, bəzən də yuxarı səviyyə məmurları)
- “Korrupsiya ilə mübarizə haqqında AR qanununa zidd olaraq vəzifəli şəxslərin öz vəzifə səlahiyyətlərindən sui istifadə edərək ətraf mühitə ziyan vurmaları[7]
- Azərbaycan məhkəmə sisteminin effektsizliyi insanların ədalət mühakiməsinə real daxil olmasında çətinliklər yaradır, o cümlədən də ətraf mühitə aid olan məsələlər üzrə. Kənd yerlərində və kiçik şəhərlərdə ümumi yurisdiksiya məhkəmələri tərəfindən fiziki şəxslər barəsində əksər hallarda ağacların qanunsuz kəsilməsi, qanunsuz ov etmə ilə əlaqədar cinayət işləri qaldırılır.
- Orxus Mərkəzlərinin problemi (OM). Baxmayaraq ki, bu mərkəzlərin mövcud olması Konvensiya ilə müəyyən edilməmişdir, onlar Azərbaycanda formal olaraq yaradılaraq informasiya, maarifləndirmə və konsultativ fəaliyyət aparmaq üçün formal olaraq yaradılmışlar.
-İctimayyətin zəif dərəcədə aktivliyi. Tez tez Orxus Konvensiyasının predmetini təşkil edən sualların mahiyyəti azərbaycan cəmiyyətinin daha üstün problemləri qarşısında daha arxa plana çəkilir (sosial-iqtisadi), bu vətəndaşların bu sahəyə maraqlarının az olmasını, onların az fəallığını və müvafiq olaraq vəziyyətin dəyişməzliyini izah edir.
5. Vətəndaş Cəmiyyəti
Vətəndaş cəmiyyətinin fəaliyyətini tənzimləyən qanunvericiliyə 2013-2015-ci illərdə edilən əlavə və dəyişiklər QHT-nin əsas fəaliyyət mənbəyi olan qrantların alınması hüquqi cəhətdən son dərəcə ağırlaşdırılıb. Daha sərt olan Vətəndaş Cəmiyyətinin məhvinə aparan qanuna isə (“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU) Prezident 18 oktyabr 2014-cü ildə qol çəkib. Bu qanuna əməl etməyən QHT-lər və onların işçi heyətinə qarşı cinayət işi, o cümlədən azadlıqdan məhrum edilmə kimi həbs sanksiyaları tətbiq oluna bilinər. Məhz buna görə də hal hazırda Azərbaycanın VC olduqca ağır vəziyyətdədir. Ölkədə ən çox təzyiqə məruz qalan isə hüquq müdafiəçiləridir. Təzyiqlər nəticəsində hüquq müdafiəçilərinin bir qismi ölkəni tərk etmiş, qalanların isə fəaliyyət əhatəsi daralıb.
Azad mətbuatın olmaması, siyasi müxalifətin zəifləməsi, müstəqil QHT-rin fəaliyyətinin iflic vəziyyətinə düşməsi, radikal islamın fəallaşmasına səbəb olub.
Ölkədə VC-nin inkişafı ilə əlaqədar hökumətin verdiyi mesajlar imitasiya xarakterlidir:
- Nazirliklər yanında İctimai Nəzarət Komitələri yaradılır. Həmin Komitələrin üzvləri GONGO-lardan və nazirliklərin və millət vəkillərinin yaratdığı QHT-dən ibarətdir.
- QHT-lər Prezident Aparatından icazə olmadan (hətta Şuranın ayırdığı qrantlarla əlaqədar da) rayonlarda tədbir keçirdə bilməz. PA-nin icazəsi olduqda isə treninq və tədbirlərdə yalnız yerli icra hakimiyyətlərinin göndərdiyi adamlar iştirak edə bilər.
- 2015-ci ildə İnsan Hüquqları üzrə İşçi Qrupu yaradıldı. Bu qrup yalnız kağız üzərindədir.
- Ölkə daxilində fəaliyyət göstərən peşəkar hüquq müdafiəçilərinin maliyyə təminatının azalması onların fəaliyyətlərini məhdudlaşdırır, alternativ hesabatlar tərtib edə bilmirlər, beynəlxalq konfranslarda iştirakları mümkünsüz olur. Demokratiyanın inkişafına öz töhfəsini verə bilmir get gedə fəaliyyətləri iflic vəziyyətinə düşür.
- Müstəqil QHT rəhbərləri dövlət və İctimai TV-rə buraxılmır. Azad mətbuat olmadığı üçün müstəqil QHT-lər bu tribunadan da istifadə edə bilmir.
- Prezident yanında QHT-rə Dəstək Şurası tərəfindən elan olan qrant müsabiqəsindəki prioritetlərdə müxtəlif Milli Fəaliyyət Planlarının, ictimai və büdcə vəsaitlərinin, monitorinq və qiymətləndirmələrinə, korrupsiyaya qarşı mübarizə, insan hüquqları nəzərdə tutulmur. Şuranın verdiyi kiçik qrantlar (3000-4000 man) əsasən müxtəlif tədbirlərə yönəldilir.
- QHT-in fəaliyyətləri məhdudlaşdırıldığı üçün ölkədə ictimai nəzarət mexanizmi yoxdur.
6. Beynəlxalq Təşkilatların Azərbaycanda VC-nin inkişafına yönəltidiyi fəaliyyətləri qənaətbəxş deyildir.
- Bəzi beynəlxalq təşkilatlar hüquq müdafiə təşkilatları arasında ayrı seçkilik salmaqda maraqlıdırlar (http://palitika.az/karusel/4364-azrbaycan-nsan-huquqlar-evi-n-ucun-dald-v-nec-yenidn-dircldi.html).
- Beynəlxalq təşkilatlar ölkədə qalıb çox çətin vəziyyətdə fəaliyyət göstərən hüquq müdafiəçilərini müstəqil hesab etmir. Onlara dəstək vermir. Bu halda hüquq müdafiəçiləri həm hökumət tərəfindən, həm də bəzi beynəlxalq təşkilatlar tərəfindən inamsızlıqla üzləşir.
- Yalnız həbs olunmuş və ya ölkəni tərk etmiş QHT-ri müstəqil hesab edərək onları maliyyə ilə təmin edir, gücləndirir.
- Belə bir vəziyyətdən istifadə Peşəkar hüquq müdafiəçiləri tədricən qeyri peşəkar şəxslərlə əvəz olunduğundan vəziyyət gərginləşir.
7. Təklif və Tövsiyyələr
7.1. Sosial iqtisadi hüquqlar üzrə
7.1.1. Əmək hüquqları üzrə
İdarə və müəssisələrdə:
- Əmək qanunvericiliyinin icrasına dövlət nəzarətini həyata keçirən dövlət əmək müfəttişliyinin fəaliyyətinin təkmilləşdirilməsi
- Əmək qanunvericiliyinin icrasına ictimai nəzarətin olunması üçün müstəqil həmkarlar təşkilatının yaradılması
- QHT- tərəfindən Əmək qanunvericiliyinin icrasına ictimai nəzarətinin həyata keçirilməsi üçün hüquqi bazanın yaradılmalıdır
- Parlamentdə “Əmək qanunvericiliyinə olunan dəyişikliklərin” müzakirəsinə ictimai təşkilatlar cəlb olunmalıdır
- Hökümət mininmum əmək haqqı və yaşayış minimumu məbləğlərini əhəmiyyəyli şəkildə artırmaq üçün tədbirlər həyata keçirməlidir. Minmim əmək haqqı ilə yaşayış minimumu məbləği bərabərləşdirilməlidir.
7.1.2. Sosial təminat hüququ.
7.1.3. Qadınların sosial hüquqları
- Azərbaycanda uşağın dünyaya gəlməsinə görə verilən birdəfəlik müavinətin həcminin artırılması vacibdir. Bu məbləği orta aylıq əmək haqqı məbləği ilə (530 AZN) uzlaşdırılmalıdır;
- Region ölkələrində olduğu kimi, uşaqlar doğulan zaman analıq kapitalının ödənməsi təmin olunmalıdır. Azərbaycan təbii sərvətlərlə zəngin ölkədir, hazırda neft-qazı olan ölkələrin demək olar ki, hamısında bu ödəniş var;
- İşləyən analar evdə uşağa qulluq etdikləri dövrdə ən azı minimum əmək haqqı səviyyəsində müavinətlə təmin olunmalıdılar; Hazırda minimum əmək haqqı 130 AZN təşkil edir. Məbləği həmçinin ölkə üzrə uşaqlar üçün olan yaşayış minimumu həddi ilə də uzlaşdırmaq olar. 2018-ci il üçün bu hədd 154 AZN-dir.
7.1.4. Əmək pensiyaları
Ölkədə mövcud olan qeyri-rəsmi məşğulluq problemini həll etmək üçün bu sahədə mövcud olan qanunvericiliyə ictimai və dövlət nəzarəti gücləndirilməlidir.
7.1.5. Əlil insanların sosial müdafiəsi
- Bir neçə xüsusi qrup (Qarabağ müharibəsi əlilləri, Böyük Vətən Müharibəsi əlilləri, hərbi əlillər və sair) istisna olmaqla, mülki əlillərin aylıq müavinəti 100 AZN-in altındadır. Bu isə ölkə üzrə yaşayış minimumu məbləğindən (2018-ci il üçün 173 AZN) 2 dəfəyə yaxın aşağıdır. Pensiya almaq hüququ olan mülki əlillər üçün müavinətlər yaşayış minimumuna bərabərləşdirilməlidir;
- Əlilliyin təyin olunması prosedurlarının elektronlaşdırılması istiqamətində son illərdə atılan addımlara rəğmən, yerli strukturlarda korrupsiyanın qarşısını tam almaq mümkün olmayıb. Buna görə də elektron sistem daha da təkmilləşdirilməli, yerli strukturlarda korrupsiya imkanları minimuma endirilməlidir;
- Qanunvericilikdə əlillər üçün iş yeri kvotası(6 faiz) nəzərdə tutulsa da, işəgötürənlər bu kvotaya əməl etmirlər. Rəsmi məlumata görə, ölkədə əlilliyi olan 624 min şəxsin təxminən 3 min nəfəri əmək qabiliyyətlidir. Onların isə 10 faizə yaxını işləyir. Kvotaya əməl olunmasının təmin olunması üçün işəgötürənlər üçün məsuliyyət artırılmalı, həmçinin əlillər üçün ixtisaslaşma şəraiti yaradılmalıdır.
7.2. İqtisadi hüquqlar
- 2006-cı ildə hazırlanaraq Milli Məclisdə 2 oxunuş müzakirə olunan “Rəqabət Məcəlləsi” hələ də sonuncu oxunuşdan keçirilməyib. Ötən il isə sənədin yeni variantının hazırlanmasına başlanıb. Bu proses sürətləndirilməli, ölkədə inhisarlaşmaya qarşı effektiv mübarizəyə imkan verəcək Rəqabət Məcəlləsi qısa müddətdə hazırlanaraq qəbul olunmalıdır;
- Sahibkarların maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək üçün “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanında nəzərdə tutulan tədbirlərin icrası prosesi sürətləndirilməli, o cümlədən İpoteka və Kredit Zəmanət Fondunun formalaşdırılması, fəaliyyətinin təmin olunması istiqamətində işlər gücləndirilməlidir;
- Ölkənin bank sektorunda sağlamlaşdırma tədbirləri dərinləşdirilməli, yumşaq pul-kredit siyasətinə keçilməlidir;
- Vətəndaş cəmiyyəti institutlarına azad sahibkarlıq hüququnun həyata keçirilməsi sahəsində monitorinqlərin aparılması və obyektiv hesabatların hazırlanması üçün şərait yaradılmalıdır.
7.3. Mülkiyyət hüquqları
İnsanların mülkiyyət hüquqlarının qorunması üçün onlara hüquqi yardım edən, bu sahədə monitorinq və qiymətləndirmələr aparıb hökumətə təklif və tövsiyyələr verən, VC-nin güclənməsi üçün 2014-cü ildə “qrant haqqında haqqında qanuna olunmuş əlavə və dəyişikliklər, qanunvericiliyə yenidən baxılması böyük önəm kəsb edir.
7.4. Ekoloji hüquqlar
- Vətəndaşları özərinin “ekoloji” maraqlarının və hüquqularının məhkəmədə müdafiə edilməsinə fəal cəlb etmək, onların hüququ savadsızlığını çap kütləvi informasiya vasitələri, televiziya və internetə cəlb edilməklə aradan qaldırmaq, məktəblilər və ali məktəb tələbələri ilə daha fəal işləmək.
- Dövləti və cəmiyyəti həlledici şəkildə ekoloji sahədə korrupsiyadan qurtarmaq, bu sahədə mübarizəni gücləndirmək.
- Ekoloji qanunveiciliyin analizini aparmaq, Ətraf Mühit və vətəndaşların sağlamlığına bağlı, əsasən zərər yetirmə təhlükəsinə aid olan maddələr hissəsinə, zəruri olan düzəlişlər və dəqiqləşmələr etmək və eləcə də inzabati və cinayət məsuliyyəti nəzərdə tutan konkretləşdirən normalar daxil etmək.
- Əlçatan vasitə və üsullardan istifadə edərək vətəndaşların sağlamlığına potensial təhlükə yaradan müəssisələrdə ətraf mühitə təsir sahələrində ictimai və dövlət nəzarətini artırmaq
- Vəzifəli şəxslər tərəfindən öz səlahiyyətlərinin lazımı qaydada yerinə yetirməmələrinə, informasiyanın gizlədilməsinə və Ətraf Mühitin mühafizəsi və vətəndaşların sağlamlığı ilə bağlı məsələlər üzrə yayınmalara görə məsuliyyələri sərtləşdirmək
[1] http://www.musavat.com/new/%C3%96lk%C9%99/106150-LEYLA_YUNUSUN_S%C3%9CLH_V%C6%8F_DEMOKRAT%C4%B0YA_%C4%B0NST%C4%B0TUTU_U%C3%87URULDU, http://www.azadliq.org/content/article/24304395.html,http://www.azadliq.org/content/article/24294298.html,http://www.azadliq.org/content/article/24295227.html
2. (http://nhmt-az.org/frontend/pages/oil-income-inner.php?id=59, http://nhmt-az.org/frontend/pages/oil-income-inner.php?id=58, http://nhmt-az.org/frontend/pages/oil-income-inner.php?id=56)
[2] 8 iyun 1999-cu il tarixli “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunun 78-ci maddəsi (Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyət) http://www.e-qanun.az/framework/3852
[3] “Tullantı qalıqları və digər maddələrlə dənizin çirkləndirilməsinin qarşısının alınması haqqında” 29 dekabr 1972-ci ildə imzalanmış Konvensiyanı
[4] Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququnu təsbit edir. Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır.
[5] AR Konstitusiyasının 39 -cu maddəsi, “Sanitariya epidomoloji salamatlıq haqqında” AR qanunu, Ətraf mühütin mühafizəsi haqqında AR qanunu, Orxus konvensiyası
[6] Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının qanunun Maddə 73
[7] 9.3.4.statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə onun səlahiyyət dairəsinə daxil olmayan məsələlər üzrə digər dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının və ya qurumların fəaliyyətinə qanunsuz müdaxilə etmək; [7][14]
9.3.5. Statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə şəxsi maraqlarına aid məsələlərin həllinə təsir etmək;