NHMT - Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB İllik Hesabat

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB İllik Hesabat

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB İllik Hesabat

 

Mündəricat

 

1. Giriş

2. Monitorinq və qiymətləndirmələr

2.1. Neft sektorunda əmək qanunvericiliyinin və digər normativ hüquqi Aktların icra vəziyyəti

2.2. Hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin ətraf mühitə təsiri

2.3. Ermənistanın Azərbaycan ərazilərində beynəlxalq neft-qaz kəmərlərinin, strateji əhəmiyyətli obyektlərin qəsdən hədəfə alınması və törətdiyi ekoloji terror haqqında​

2.4. Neft gəlirləri-Şəffaflıq və hesabatlılıq

2.5. Korrupsiya ilə mübarizə

3. Hüququi yardım

3.1. Marifləndirmə məlumatlandırma

3.2. Məhkəmə vasitəsilə hüquqi yardım

 

Bakı  yanvar 2021 – ci il

 

1. Giriş

 

Bu hesabat: Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi (NHMT İB) ekspertləri tərəfindən, aparılan monitorinq və qiymətləndirmələr, ölkənin neft sektorunda çalışan işçilərin  müraciətləri, şikayət ərizələri, təşkilatın aktiv üzvlərinin verdiyi yoxlanılmış məlumatlar, informasiya sorğularına verilmiş cavablar, mətbuatda dərc olunan məlumatlar, təşkilat tərəfindən aparılan məhkəmə çəkişmələri və s. əsasında hazırlamışdır. Hesabat 2020-ci ili əhatə edir . Monitorinqlər mütamadi xarakter daşıyır. Hesabatda ölkənin neft sektorunda qanunvericiliyin icrasındakı problemlər də öz əksini tapmış, həmin problemlərin yaranma səbəbləri və həlli üçün rəylər də verilmişdir.

 

2. Monitorinq və qiymətləndirmələr

2.1. Neft sektorunda əmək qanunvericiliyinin və digər normativ hüquqi Aktların icra vəziyyəti

2.1.1. SOCAR

 

Aprel ayının 24-də SOCAR rəhbərliyinin “KORONAVİRUS (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində BİZNESİN DAVAMLILIĞININ təminatı üzrə PROQRAM” tərtib olundu. Proqramda dənizdə çalışanlar üçün karantin rejimi tələbləri, SOCAR Baş ofisinin və struktur bölmələrinin inzibati binalarının gigiyena qaydaları, dənizə səfərlər zamanı Helikopter qaydaları, nəqliyyat vasitələrinə dair tələblər, SOCAR əməliyyat sahələrinin işçiləri üçün nəzərdə tutulan COVİD 19 sınağı keçirilməsi (testlərin aparılması) qaydaları və s. nəzərdə tutulub.

Proqramda nəzərdə tutulan bir çox bəndlər əsasən yerinə yetirilsə də monitorinqlər vaxtı bəzi ciddi pozuntular müşahidə olundu.

Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 5-ci hissəsinə əsasən: Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları, Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Bu halda:

Pandameya ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarları Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olmalıdır, uyğun deyilsə Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri üstün tutulmalıdır. Lakin, SOCAR və Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən verilmiş Əmr-Qərar Azərbaycan Əmək Məcəlləsinin 209 və 164-cü maddələrinə[1] ziddir. Belə ki:

 

- Əmr-Qərara əsasən mart ayının 14-dən etibarən dəniz obyektlərində çalışan işçilər 15 gün əvəzinə bir ay və daha artıq dəniz platformalarında saxlanılır. Əksər dəniz platformalarında iş və yaşayış şəraiti müvafiq standartlara cavab vermir.

- İş günlərindən artıq dənizdə saxlanılan işçilərin əmək haqqı artıq işlənilən günlər üçün ikiqat yox, birqat ödənilir.

- Əmr-qərar ilk təşkilatlarda müzakirə olunmayıb, Həmkarlar Təşkilatları Komitəsi bu əmrə, işçilərin razılığı olmadan,onlarla məsləhətləşmədən qol çəkib. İş yerini itirmək qorxusu işçiləri şikayətetmə mexanizmindən istifadəsinə mane olur.

Hesabat dövrü ərzində Azərbaycan Əmək Məcəlləsinin aşağıda qeyd olunan maddələrinin pozulma halları müşahidə olunub:

 

Maddə 211. (Əməyin mühafizəsinin normativ hüquqi tənzimlənməsi) pozulması

 

Müşahidə olunub: SOCAR bəzi  idarə və müəssisələrindən (Neft Daşları NQÇİ, 28 May adına NQÇİ, Tağıyev adına NQÇİ, Neft Emalı zavodunda və s.). Təşkilata daxil olan müraciətlərdə qeyd olunub ki, zərərli işdə çalışan işçilərin pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullarla təmin olunmasında problemlər mövcuddur. Belə ki, İşçilər yalnız südlə təmin olunsalar da bu daimi xarakter daşımır.

 

Maddə 207, 215, 217, 218, 219, 220, 222, 223, 239-cu. (İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydaları, Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi, İşəgötürən tərəfindən işçilər üçün təhlükəsiz iş şəraiti yaradılmaması, sağlamlığa dəymiş ziyanın ödənilməməsi, Əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət) və “İstehsalatda baş vermiş bədbəxt hadisələrin icbari sığortası haqqında AR Qanununun”, AR Nazirlər Kabinetinin 27 saylı qərarının pozulması.

 

Müşahidə olunub: (28 May NQÇİ, Qarasu ƏŞ, Azəriqaz İB-yi, Ə.Əmirov NQÇİ, Abşeronneft NQÇİ).

Qanunvericiliyin pozulması nəticəsində 2020-ci il ərzində SOCAR-n 3 nəfər işçisi iş yerində həlak olmuş, 22 nəfər isə əmək xəsarəti almşdır[2]. Hesabatda qeyd olunan məlumatlar, faktiki olaraq istehsalatda baş verən bədbəxt hadisələrdən azdır, belə ki, bir çox hallarda işəgötürənlər və ya işçilər baş vermiş bədbəxt hadisələri müxtəlif yollarla qeydə almırlar və ya gizlədirlər.

 

Maddə 21. 3. (Müəssisələrdə siyasi partiyaların, dini qurumların fəaliyyətinə yol verilmir)

SOCAR strukturuna daxil olan idarə və müəssisələrdə, iqtidar partiyası olan “Yeni Azərbaycan” partiyasının özəyi var. İşçilər məcburi surətdə bu partiyaya üzv olunur.

 

Maddə 45.4 Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda,əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

 

Müşahidə olunub: SOCAR tərkibinə daxil olan idarə və müəssisələrdə, işin daimi xarakterə malik olduğuna baxmayaraq işçilərlə müddətli əmək müqaviləsi bağlanılır. Müqavilələr çox hallarda işçinin iradəsinin əleyhinə və ya təzyiqlər yolu ilə həyata keçirilir, bu da işçinin rahatlıqla işdən azad olunmasına imkan yaradır. Azərbaycanın neft sənayesində ən böyük hüquq pozuntusu olan bu proses işçilərlə bağlanmış müddətli əmək müqaviləsinin 1, 2, 3, 6 ay və ən çoxu 1 il müddətinə bağlanması hələ də davam edir. Bunun nəticəsində hər il yüzlərlə insan öz iş yerini itirir.[3]

 

Maddə 16 (Diskriminasiyaya yol verilməsi) Hasilat sənayesində diskriminasiyanın əsas səbəblərindən biri qohumbazlıqdır, xüsusən bu işə qəbul, əmək haqqının ödənilməsi və əmək müqaviləsinin ləğv olunması zamanı özünü göstərir. Bunun nəticəsində də çoxlu sayda işçi diskriminasiyaya məruz qalır. Bəzən işçilərin siyasi baxışlarına görə də təqib olunması müşahidə olunur. Müxalifət partiyasının üzvülüyündə olan şəxslərin peşəkarlıq və ixtisas dərəcəsindən asılı olaraq nəinki yüksək vəzifə hətta kiçik və orta rəis vəzifələrinə belə irəli çəkilməsi qeyri-mümkündür. İşə qəbulla əlaqədar tərtib olunmuş anketlərdə işçinin hansı siyasi partiyanın üzvü olması barədə xüsusi bənd var. Yerli işçilərə qarşı diskrinimasiya neft layihələrində iştirak edən bəzi xarici şirkətlərdə də müşahidə olunur.

 

Müşahidə olunub: ARDNŞ-nin idarə və müəssisələrində

 

Maddə 97, 98, 99, 159, 164, 165

Xüsusən karantin dövründə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli, 137 saylı “əmək şəraiti zərərli və ağır olan işlərdə” və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Qərarı üzrə: (normadan artıq işə görə, gecə vaxtına görə, dəniz və susuzluq əmsalına görə əmək haqqının ödənilməməsi):

 

Müşahidə olunub: SOCAR-ın bütün müəssisələrində

 

Karantin vaxtı işdən azad olunma

04.02.2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İşəgötürənlərə: iş rejiminə əməl etməyi və işçilərin sayını azaltmaqla ştatları ixtisar etməməyi tapşırır[4]

03.04.2020-ci il tarixində, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası nın birgə bəyanat verdi. Bəyanətdə deyilir - “İşəgötürənlərin diqqətinə çatdırırıq ki, pandemiyanın biznes mühitinə mənfi təsirini azaltmaq üçün sahibkarlara dəstəyin göstərilməsi təmin olunmaqla yanaşı, eyni zamanda, mövcud şəraitdən sui-istifadə edərək işçilərin əsassız yerə işdən çıxarılması, ixtisarına yol verən işəgötürənlərlə bağlı qanunverciliyə uyğun ciddi tədbirlər görüləcək”[5].

Yuxarıda qeyd olunanlara rəğmən SOCAR və onun tərəfdaşı Caspian Drilling MMC 3 nəfər işçini tutduğu vəzifəsindən qeyri qanuni azad etmişdir.[6]

 

Vətəndaşların  müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu[7], Azərbaycan respublikasının Konstitutsiyası[8]

SOCAR strukturuna daxil olan bəzi idarə və müəssisələrdə mövcud problemlər şirkətin sahə üzrə məsulları tərəfindən həllini tapmadıği halda ölkə başçısına, yaxud başqa yuxarı instansiyalara kollektiv yaxud fərdi qaydada ərizə ilə müraciətlər edən yaxud həmin problemi sosial şəbəkələrdə qaldıran şəxslərin fikirlərinə münasibət bildirən işçilər çalışdıqları idarənin rəhbərliyi tərəfindən ciddi təzyiqlərə məruz qalırlar.Bəzən həmin işçilər müqavilə vaxtının bitməsi bəhanəsi ilə işdən azad olunur.

 

Nəqliyyatla təminat

Dəniz obyektlərində çalışan işçilərin nəqliyyatla təmin olunması qeyri-kafi vəziyyətdədir. SOCAR strukturuna daxil olan Neft Daşlarında təqribən 5000-dək işçi (neftçıxarma,qazma,tikinti və s.) çalışır. Neft Daşları NQÇİ Bakının110 km-də yerləşir və quru ilə heç bir əlaqəsi yoxdur. İşçiləri Bakı limanından Neft Daşlarına və geri  aparıb gətirən General Əsədov gəmisi 1983-cü ildə Finlandiyada inşa lunub və çay nəqliyatı üçün nəzərdə tutulub Dənizdə ləngəri güclüdür, ona görə də sürəti də azdır, bu səbəbdən də Neft Daşlarına 6 saata qədər üzür. Dekabrın 31- də səhər 10- da gəmiyə buraxılan işçilər gecə saat 1-ə qədər şəraitsiz gəmidə qalıb. Gəmi köhnə olduğu üçün kapitan gecə vaxtı dəniz platformasına yaxınlaşmaqdan çəkinib. İşçilər 19 saat gəmidə qalmalı olub.

 

2.1.2. Bahar Enerji Əməliyyat şirkəti

 

Təsisçisi Greenfields Petroleum Corporation olan Bahar Enerji Əməliyyat Şirkətinin prezidenti CON Harkins və hal hazırda onun səlahiyyətlərini icra edən Deyl Makfadden may ayından Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (ARƏM) aşağıda qeyd olunan maddələrinə pozur. Bu qanunların pozulması şirkətdə çalışan, o qədər də yüksək əmək haqqı almayan yerli işçilərin(xüsusən fəhlələrin) yaşam tərzinə ciddi təsir edir. Və proses davam edir.

 

ARƏM maddə 5.1.1. Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir.

 

ARƏM maddə 69.7 (İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır). İşçilərə hədə-qorxu (işdən qovulma) gələrək onları əmək haqqları 20% azaldılmış yeni kontrakta qol çəkməyə məcbur edib.  Əmək haqqı aşağı salınmış yeni müqaviləyə qol çəkməyən fəhlələri cəzalandıraraq ,onların iş yerini dəyişib daha aşağı maaşlı işə keçirdilər. Təbii ki, Pandameya dövründə işsiz qala biləcəyindən qorxan işçi yeni müqaviləyə qol çəkməyə məcbur olub. İşçini məcburi kontrakta qol çəkməyə məcbur edən menencer bunu “könüllülük”adlandırır.

 

ARƏM maddə 172. 5 (Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.) May ayından, işçilərə əmək haqqı vermir[9]

 

ARƏM maddə 43. 3. (3. Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz.

 

Maddə 43.4.4. Bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz) Şirkət prezidenti cənab Con Harkins işçilərin Əmək Müqaviləsində dəyişiklik etdi. Əmək haqqı aşağı salınmış yeni müqaviləyə qol çəkməyən fəhlələri cəzalandıraraq, onların iş yerini dəyişib daha aşağı maaşlı işə keçirdilər. İşçilər tibbi sığortalarının uzaldılmadığından da şikayət edirlər.

 

2.1.3. Global Energy Azerbaijan Group (“GEA”) Azərbaycanda quruda neft hasilatıyla məşğul olan ən böyük xarici şirkət sayılır. GEA Azərbaycanda 5 Hasilatın Pay Bölgüsü (PSA) sazişinin operatorudur. Həmin sazişlər bu şirkətlər vasitəsilə idarə olunur - Abşeron ƏŞ, Binagadi ƏŞ, Karasu ƏŞ, Neftçala ƏŞ və Şirvan ƏŞ. 2019-cu ilin sonunda. “GEA” “Shirvan Drilling Limited” şirkətini yaratdı. Neftçala ƏŞ və Şirvanoyl ƏŞ-nin 300-dən yuxarı işçisinə məcburi ərizə yazdırılıb yeni şirkətə göndərildi. May ayında Shirvan Drilling Limited ləğv olundu. 300-dək insan işsiz qalıb.

 

ARƏM maddə 215. (Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri) pozulması nəticəsində şirkətin 7(yeddi) nəfər işçisi xəsarət alıb

 

2.1.4. Turan Drilling MMC ARƏM  maddə 215. (Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri) pozulması nəticəsində 4(dörd) nəfər xəsarət alıb

 

2.1.5. Baker Hughes Servises ARƏM maddə 215. (Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri) pozulması nəticəsində 1(nəfər) nəfər xəsarət alıb

 

2.1.6. Neft İxrac Edən Ölkələrin(OPEC[10]) və qeyri OPEK+ ölkələrin qərarının işsizliyə təsir[11]

(OPEC) + ölkələrin əldə edilən razılığa görə, Azərbaycan  mayın 1-dən gündəlik 718 min barel yox, 554 min barel neft istehsal edəcək. Proses 2022-ci ilin aprelinə qədər davam etməlidir.

OPEK+-la əlaqədar BP şirkəti Azərbaycandakı 3000-ə yaxın işçisinin 400 nəfərini ixtisar edəcək. Şirkətin qərarı bu oldu ki, ixtisarların şirkətin sahədə çalışan texniki işçilərinə heç bir təsiri olmayacaq[12].  

SOCAR, Azneft" İB-nin tərkibində 11 neftqazçıxarma idarəsi fəaliyyət göstərir. İşlənmədə olan yataqlarda 5700-ə qədər quyu istismar olunur. Hasilatı aşağı salınması üçün SOCAR 2000-dək neft quyusunu bağlamalı olacaq. Nəticədə 5000-ə qədər neftçi işsiz qala bilər. Proses may ayından başlanıb. 1 may 2020-ci il tarixindən etibarən hasilatın azaldılmasını təmin etmək məqsədilə bir sıra neft yataqlarının (Bibiheybət; Lökbatan-Puta-Quşxana; Şabandağ-Şubanı-Yasamal-Atəşgah; Korgöz-Qızıltəpə-Şonqar; Qaradağ (Ə.C.Əmirov adına NQÇİ-yə aid olan); Qalmaz (Ə.C.Əmirov adına NQÇİ-yə aid olan); Umbaki; Tərsdəllər; Qala; Buzovna-Maştağa; Siyəzən monoklinalı) fəaliyyəti dayandırılmağa başlanıb.

Neft yataqlarının  fəaliyyətinin dayandırılması nəticəsində işsiz qalan insanların məşğulluğunun təmin edilməsi ilə bağlı SOCAR prezidenti 24.06.2020-ci il tarixində “Boşdayanma yol verilən iş yerlərində işçilərin məşğulluğunun müəyyən edilməsi üzrə” Əmr imzalamışdır. Həmin Əmrə əsasən neft yataqlarının bağlanması nəticəsində işsiz qalan işçilərin[13] bilikləri imtahan vasitəsilə qiymətləndiriləcək, testdən keçən işçilər Proqrama cəlb olunacaq və onlar üçün iş axtarılacaq.Testdən keçə bilməyən işçilər isə işdən azad olunacaq. Bu Əmrin reallaşdırılması nəticəsində çoxlu sayda insanın işsiz qalma ehtimalı var[14].  NHMT hüquqşünası hesab edir ki bu Əmrin bir çox bəndləri ölkənin Əmək qanunvericiliyinə ziddir:

- Quyuların bağlanması ilə əlaqadar baş verən proses boşdayanma adlana bilməz. !!!

 

Müssisələrdə iş həcminin azalması, müəssisələrin ləğvi zamanı, struktur dəyişikliyi, optimallaşdırma, layihələrin başa çatması, iş və ya xidmətlərin azalması ilə əlaqədar yaranan boşdayanma halları Əmək Məcəlləsinin 169-cu maddəsi ilə tənzim edilə bilməz.  

 

- Əmək Məcəlləsinin 169-cu maddəsinin tədbiqi ilə əlaqədar:

 

Bu maddənin 1-ci bəndinə əsasən: Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir”. Bu bənd daha geniş boşdayanma hallarında tədbiq oluna bilməz. Bu hüquq norması yalnız  qısa müddətli hallarda olan boşdayanmalara aiddir, yalnız bu maddədə göstərilən qaydada tədbiq edilə bilər. Yəni bu maddə : işəgötürən tərəfindən işçilərin iş yerlərinə çatdırıla bilməməsi, hava şəraiti ilə əlaqədar, nəqliyyat problemi ilə və sair hallarla əlaqadar iş yerlərinin mal-materiallarla, avadanlıqlarla (sement, qum, boru və sair), alətlərlə təmin edilməməsi zamanı yaranan boşdayanmalara aiddir.

 

- İmtahanlar ölkənin Əmək qanunvericiliyi ilə tənzimlənmir

 

İşçilər Əmək Məcəlləsində nəzərdə tutulmayan hər hansı bir test imtahanlarına cəlb oluna bilməzlər və onların qiymətləndirilməsi test imtahanları ilə deyil, əmək münasibətlərində olduqları müddətdə əmək naliyyətlərinə və peşəkarlıqlarına görə qiymətləndirilməlidir. Bu hal yalnız Məcəllənin 65-ci maddəsi ilə tənzimlənə bilər..

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinə əsasən: İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya  3(üç) ildən bir keçirilir.

Hal hazırda SOCAR tərəfindən və ölkənin Əmək qanunvericiliyi ilə tənzimlənməyən keçirilən imtahan suallarının 80%-i isə işçinin ixtisasına və təhsilinə uyğun deyil, Bu məqsədyönlüdür. Təbii ki,imtahan verə bilməyən işçilər ixtisar olunacaq.

 

- Proqram

 

Bu Proqram SOCAR-ın 17 yanvar 2014-cü il tarixli ARDNŞ/14-1000/01/SM-04-000006 nömrəli əmri ilə təsdiq edilmiş Proqramın ardı hesab edilərək, 2022-ci ilin aprel ayınadək uzadılmışdır.[15]

Hal hazırda Proqram daha da“təkmilləşdirilib”. Belə ki, bu Proqrama o işçilər qoşula biləcək ki, onlar SOCAR-n, ölkənin Əmək Məcəlləsinə zidd olaraq aparılan imtahanlarından uğurla çıxa bilsin.

 

Nəticə

Monitorinq nəticələri göstərir ki, ölkənin hasilat sənayesində əmək qanunvericiliyinin pozulma səbəbləri əsasən aşağıdakılardır:

  1. Son 10 il ərzində Azərbaycan Əmək Məcəlləsinə əsasən işəgötürənin xeyrinə olan 300-dək dəyişiklik
  2. Əmək qanunvericiliyinə dəyişik və əlavələr edilərkən bu sahədə fəaliyyət göstərən QHT–rin təkliflərinin nəzərə alınmaması
  3. İşçinin öz hüquq və vəzifələrini kifayət qədər bilməməsi və işəgötürənin bundan istifadəsi
  4. İş yerini itirmək qorxusu işçiləri şikayətetmə mexanizmindən istifadəsinə mane olur
  5.  Əmək qanunvericiliyini pozan vəzifəli şəxslərin maddi, intizam, inzibati və cinayət məsuliyyətə cəlb olunmaması (ARƏM maddə 310)
  6. Əmək qanunvericiliyinin icrasına ictimai nəzarət etməli olan Həmkarlar Təşkilatlarının müstəqil olmaması (ARƏM 309) 2020-ci il ərzində Neft və Qaz Sənayesi İşçiləri Respublika Həmkarlar İttifaqı Komitəsi və yerli təşkilatlar tərəfindən:

 

- Həmkarlar İttifaqı haqqında qanunun 11-ci maddəsini pozaraq SOCAR işçilərinin kütləvi ixtisarına razılıq verib

ARƏM maddə 175. 1 (Əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər) pozaraq, işçinin yazılı razılıq ərizəsi olmadan müxtəlif fondlara (koronovirusla mübarizə,orduya yardım,Yaşat fonduna və s.) onların əmək haqqından vəsait tutulması haqqında qərar verib. Əmr-qərar ilk təşkilatlarda müzakirə olunmayıb, Həmkarlar Təşkilatları Komitəsi bu əmrə, işçilərin razılığı olmadan, onlarla məsləhətləşmədən qol çəkib.

 

- ARƏM maddə 43 (Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz.) pozaraq işçilərin əmək haqqlarına peşəkarlıqla əlaqadar olunan Əlavə ödənişin kəsilməsinə razılıq vermişdir.

 

- ARƏM maddə 10-1 (Təqaüd yaşına çatmış işçilərin çalışma həddi yalnız dövlət büdcəsindən maliyyələşən müəssisələrə aiddir) pozaraq, təqaüd yaşına çatmış işçilərin yaş həddinə görə işdən azad olunmasına da etiraz etməmiş, əksinə bu barədə olan qanunsuz əmrə imza etməklə yüzlərlə işçi ilə əmək müqaviləsinin pozulmasına köməklik etmişdir.

 

- koronovirus dövründə normadan artıq işləyən işçilərin əmək haqqlarının ikiqat ödəniməsində və işçilərin məzuniyyət hüquqlarının pozulmasında da heç bir etiraz bildirməmişdir.

 

- Bahar Enerji şirkətinin 700 nəfərdən çox işçisinə: Əmək müqaviləsinin müddətli olması və əmək haqqının 20 faiz azaldılması barədə Əmək müqaviləsinə dəyişiklik edilməsi barədə işəgötürənin qanunsuz hərəkətinə etirazını bildirməmişdir.

 

7. Əmək Məcəlləsinin 15-ci maddəsinə əsasən Dövlət Əmək Müfəttişliyi Xidməti-əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqandır və öz səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir.

 

2020-ci ildə Dövlət Əmək Müfəttişliyi Xidməti:

 

- Əmək qanunvericiliyinin icrasına dövlət nəzarətini həyata keçirən Dövlət Əmək Müfəttişliyi Xidmətinin öz vəzifə səlahiyyətlərini həyata keçirtməklə İşəgötürənləri inzibati məsuliyyətə cəlb etməməmişdir (Azərbaycan Respublikasının Əmək Məcəlləs Maddə 15)

 

- Bahar ƏŞ rəhbərliyi tərəfindən ölkənin Əmək qanunvericiliyinin pozulması ilə əlaqadar. NHMT İB-nin müraciətinə 6 aydan sonra qeyri müəyyən cavab verilərək, ölkənin İnformasiya əldə etmək haqqında qanununu pozmuşdur. İşçi hüquqlarının pozulmasi ilə əlaqadar QHT müraciətinə reaksiya verməmiş, problemin həlli üçün öz vəzifə səlahiyyətlərindən istifadə etməmişdir

 

- Bahar Enerji şirkətinin işçilərinə, PO Martime Logistic LLC şirkətinin işçiləri: Elçin Soltanov, Emin Soltanov, Dellora Maqnit şirkətinin işçisi Heydərov Nahid, Bakı Beynəlxalq Dəniz Limanının işçisi Cəbiyeva Sevda Nazim qızının və müraciət edən edən işçlərin heç birinin hüquqları bu xidmət təfəfindən bərpa olunmamışdır.

 

- İşçilərin müraciətlərinə əksər hallarda formal cavab verilir, heç bir araşdırma aparılmır, araşdırma və ya yoxlama aparıldıqda isə işəgötürənlərin xeyrinə qanunsuz qərarlar qəbul edilir, bəzi hallarda isə onların məhkəmə orqanlarına müraciət etməsi məsləhət görülür. (Məsələn: SOCAR CAPE şirkətinin işçisi İ. Hüseynova verilən cavab). Halbuki, Müfəttişlik işçinin müraciətini təmin etmək üçün qanunvericilikdə nəzərdə tutulan qaydada addımlar atmalı və ya qanunsuz olduğu halda əsaslandırılmış cavab verməlidir.

 

- Hesabatda qeyd olunan Əmək qanunvericiliyinin pozulma hallarına biganə qalmış, qeyd olunan hallara qarşı göz yumması, işəgötürənlərə qanunsuzluqlar etmələrinə əlavə stimul verir

 

2.2. Hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin ətraf mühitə təsiri

 

Azərbaycanda reallaşdırılan neft layihələrinin ətraf sosial mühitə nə dərəcədə təsirini öyrənmək üçün NHMT ekspertləri risqə məruz qalan ərazilərdə vaxtaşırı monitorinq və qiymətləndirmələr aparır. Aparılan monitorinq və qiymətləndirmələr təsdiq edir ki, hasilat zamanı ətraf mühit ciddi təsirlərə məruz qalır. Bu zaman həm ölkə qanunvericiliyi, həm də ölkənin qoşulduğu müxtəlif Konvensiyyalar pozulur. Neft hasilatının insan sağlamlığına təsirləri haqda aparılan bir çox tədqiqatlar göstərir ki, hasilat zamanı ətraf mühit aşağıdakı təsirlərə məruz qalır:

- Atmosferə atılan emissiyalar (səmt qazları, metan, uçucu üzvi birləşmələr, qazın yandırılması və s);

- Quyu avadanlıqlarında və kompressor stansiyalarında sudan istifadə, yuma nəticəsində çirkləndirici maddələrin yerüstü və qrunt sulara, o cümlədən Xəzər dənizinə atılması;

- Neftlə bərabər yüksək minerallaşmış lay sularının səthə çıxarılması;

- Torpaqların neft və neft məhsulları ilə çirklənməsi;

- Qazma şlamları və onların basdırılması;

- Qəza hadisələri nəticəsində neft dağılmaları;

- İstismardan çıxarılmış texniki avadanlıqlar, üzən vasitələrin qalıqları və təmir tikinti işləri nəticəsində formalaşan bərk tullantılar.

SOCAR-ın ölkədəki fəaliyyəti zamanı ətraf sosial mühitə də ciddi ziyan vurduğunu təsdiq edir. Ətraf mühitə ciddi ziyan vuran isə, havanı, torpağı, dənizi mütamadi olaraq insan sağlamlığı üçün təhlükə mənbəyi olan neft tullantıları, lay suları və s. ilə çirkləndirən əsasən SOCAR tərkibinə daxil olan neftqazçıxarma, neftayırma, qazma və s. idarələrdir. Ətraflı:

http://nhmt-az.org/frontend/pages/oil-income-inner.php?id=173

2020-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ,karbohidrogen hasilatı zamanı və emalı proseslərində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin və bu sahədə qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması, formalaşan tullantıların ətraf mühitə atılması, axıdılması və yerləşdirilməsi ilə əlaqadar olaraq Nazirlər Kabinetinin 03 mart 1992-ci il tarixli 122 saylı qərarına əsasən SOCAR-n aşağıda qeyd olunan strukturlarına ümumilikdə 450.532.(dörd yüz əlli min 532 man.40 qəpik) manat məbləğində ödəmə tədbiq olunmuşdur[16]. Pandameya ilə əlaqadar yoxlama sayları məhdud olsa da, tədbiq olunan cərimələr ölkənin hasilat sənayesində ekoloji durumun ağırlığını əks etdirə bilib.

Xəzər dənizinin Azərbaycan Respublikasına  mənsub olan bölməsində Azəri,Çıraq ,Günəşli və Şahdəniz yatağının birgə işlənməsi və karbohidrogen hasilatının pay bölgüsü haqqında Sazişin operatoru olan BP Azərbaycan şirkətinə ətraf mühitə atılan tullantılarla bağlı 81 000(səksən bir min) manat məbləğində ödəniş tədbiq olunmuşdur.

 

Müəssisənin adı

Tədbiq edilmiş ödəmənin məbləği

1

Abşeronneft NQÇİ

16 463.24

2

Ə.Əmirov adına NQÇİ

29 976.42

3

Bibiheybət NQÇİ

 7564 .30

4

H.Z.Tağıyev adına NQÇİ

15 729.16

5

Neft Daşları NQÇİ

20 487.22

6

28 May adına NQÇİ

  5853.30

7

N.Nərimanov adına NQÇİ

12 288.27

8

Siyəzənneft NQÇİ

  2091.56

9

Kompleks Qazma İşləri Trest

14 973.0

10

Qaz emalı zavodu

  6385.0

11

H.Əliyev adına Bakı Neft Emalı  Zavodu

39 037.23

12

Neft Kəmərləri İdarəsi

   7537.57

13

Neftqaztikinti Tresti

   1303.24

14

SOCAR AQŞ MMC

12 000.0                                             

15

Nəqliyyat idarəsi

    5 000

16

SOCAR Ümid MMC

20 000

17

Bahar Enerji Operatinq Limited Şirkəti

12,140

18

Suraxanı OYL şirkəti

112 323.96

19

AzGerneft MMC

18 000

20

Binəqədi OYL şirkəti

  7587

21

Abşeron ƏŞ

  1750

22 

Balaxanı ƏŞ

22 600

23

SOCAR Metanol zavodu

  3199.58

24

Azəriqaz İB

  5100

25

Məişət Maye Qaz QZC

  2574.03

26

Şirvan ƏŞ

12 000

27

Neftçala ƏŞ

10 065.60

28

Salyan OYL ƏŞ

  9772

29

Karasu ƏŞ

  7929.72

 

Bununla yanaşı Suraxanı Oyl ƏŞ, Balaxanı OYL ƏŞ, Şirvan OYL ƏŞ, Kaspian Drillinq Kompani MMC barəsində hüquqi şəxs qismində inzibati xətanın törədilməsi ilə əlaqadar inzibati xəta haqqında Protokollar tərtib olunmuş, müvafiq qərarın qəbul edilməsi üçün aidiyyatı üzrə məhkəmə orqanlarına göndərilmişdir.

Azneft strukturuna daxil olan 28 May adına NQÇİ-nin rəisi barəsində vəzifəli şəxs qismində inzibati xəta haqqında Protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərara əsasən cərimə olunmuşdur.

Eyni zamanda aparılan araşdırmalar zamanı siyahıda adları qeyd olunan müəssisə və təşkilatlarda aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün icrası məcburi olan “Məcburi göstərişlər” verilmişdir   

                                                  

2.3. Ermənistanın Azərbaycan ərazilərində beynəlxalq neft-qaz kəmərlərinin, strateji əhəmiyyətli obyektlərin qəsdən hədəfə alınması və törətdiyi ekoloji terror haqqında

 

27 sentyabr 2020-ci il saat 06:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycanın yaşayış məntəqələrini, strateji əhəmiyyəti obyektlərini qəsdən və hədəflənmiş şəkildə raket, artilleriya atəşinə tutdu və nəticədə çoxlu sayda mülki əhali həlak oldu. Həlak olanlar içərisində uşaqlar da var.

Bu Hesabatın tərtib olunmasında da məqsəd Ermənistanın Azərbaycan ərazisində, enerji təhlükəsizliyinə etdiyi təhdidlər, zəbt olunmuş ərazilərdəki mədən sənayesinə vurduğu ziyanlar haqqında mümkün qiymətləndirmə aparmaq, bunu beynəlxalq və ölkə ictimaiyyətinə çatdırmaqdır.

Hesabat Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı (NHMT İB) ekspertləri tərəfindən, müvafiq dövlət qurumlarının verdiyi rəsmi məlumatlar, mətbuatda dərc olunan məlumatlar, təşkilat ekspertlətinin topladığı məlumatlar, rəylər əsasında hazırlamışdır. Daha ətraflı:

 

http://nhmt-az.org/frontend/pages/human-rights-inner.php?id=177

2.4. SOCAR-ın xarici iqtisadi əlaqələri: şəffaflıq və hesabatlılıq problemləri

SOCAR təkcə dövriyyəsinin həcminə və işçi sayına görə deyil, xarici iqtisadi əlaqələrin də miqyasına görə də Azərbaycan ən böyük şirkətidir. Bu baxımdan qurumun ölkə daxildəki fəaliyyəti ilə yanaşı ölkə sərhədlərindən kənarda həyata keçirdiyi fəaliyyət də ictimaiyyət üçün ciddi maraq kəsb edir. Kənarda əsasən hansı fəaliyyətlər həyata keçirilir, xarici iqtisadi əlaqələrdə strateji prioritetlər nələrdir, şirkətin ayrı-ayrı ölkələrdə qazancları (yaxud itkiləri) nədən ibarətdir, həmin fəaliyyətlərdən Azərbaycan dövlətinin götürdüyü faydalar hansılardır, şirkətin özünün məcmu maliyyə potensialına həmin fəaliyyətlərdən hansı töhfələr gəlir? Bu kimi suallara cavab axtaran hər kəs üçün həmin məlumatların əlçatan olması çox vacibdir. Ətraflı:

http://nhmt-az.org/frontend/pages/oil-income-inner.php?id=179

2.5. Neft pulları üçün “qırmızı işıq” Xərcləmələri limitləşdirən “büdcə qaydası” 2 illiyə donduruldu

Təbii resurslar (neft, təbii qaz, müxtəlif qiymətli daşlar və s.) hesabına zəhmətsiz qazandığı pulları heç bir hüquqi çərçivə, iqtisadi səmərə gözləmədən korrupsiya layihələrinə, siyasi maraqlara israf edən hökumətlərin dünyada örnəkləri var. “Resurs lənəti” ilə bağlı elmi və populyar araşdırmalarda belə qara təcrübənin simvolu kimi Nigeriyanın, bu lənətdən qaçmağı bacarmış ölkə kimi isə Norveçin adına daha intensiv rast gəlinir (almaz istehsalçıları olan Botsvana və Sierra-Loone nümunəsi də var). Şübhəsiz ki, bir-birinin tam əksi olan bu 2 nümunənin çox ciddi siyasi, iqtisadi, eləcə də mədəni-tarixi səbəbləri var və onlar barədə uzun illərdir fundamental araşdırma və elmi yazılar hazırlanıb.

Təqdim olunan məqalədə isə çox mühüm institusional faktorlatrdan yalnız biri – resurs pullarının xərclənməsinə qanunla qoyulan məhdudiyyətlərdən bəhs edilir.Ətraflı:

http://nhmt-az.org/frontend/pages/oil-income-inner.php?id=176

2.6SOCAR-ın satınalma sistemi: şəffaflıq, hesabatlılıq və informasiya açıqlığı problemləri

Dövlət satınalmaları Azərbaycanın ictimai maliyyə sisteminin ən zəif yerlərindən biridir. Şəffaf və hesabatlı, bütün iddiaçıların ayrı-seçkiliyə məruz qalmadan, sağlam rəqabət şərtləri əsasında qatıla bildiyi satınalma sistemi olmadıqda dövlət maliyyəsi korrupsiya maşınının yeminə çevrilir. Böyük həcmdə vəsaitlər həm hökumətin sərəncamında olan büdcəni, həm də dövlət şirkətlərinin maliyyə resurslarını davamlı korrupsiya risklərinə məruz qoyur. SOCAR Azərbaycanın ən nəhəng dövlət şirkətidir, maliyyə imkanlarına görə yəqin ki, bütün dövlət müəssisələrinin hamısının cəmindən daha böyükdür. Bu baxımdan şirkətin satınalma sisteminin nə dərəcədə şəffaf və hesabatlı olduğunu qiymətləndirməyə ehtiyac duyduq. Cavab axtardığımız bir neçə vacib sual var: SOCAR-ın satınalma sistemi nə dərəcədə şəffafdır, bu sahədə hesabatlılıq və informasiya açıqlığı media və vətəndaş cəmiyyətinin müstəqil ictimai monitorinqi üçün məqbul səviyyədə məlumatlar təqdim edirmi, elektron satınalma mexanizmlərinədn nə dərəcədə effelktiv istifadə edilir, satınalmalar qanunvericliyin tələblərinə uyğun təşkil edilirmi? Ətraflı:

http://nhmt-az.org/frontend/pages/corruption-inner.php?id=175

2.7. Hökumətin antikorrupsiya tədbirlərinin səmərəliliyinin qiymətləndirilməsi

2003-cü ildən başlayaraq Azərbaycanda ardıcıl olaraq korrupsiyaya qarşı mübarizə tədbirləri həyata keçirilməkdədir. Bu müddət ərzində korrupsiya ilə mübarizə sahəsində 1 dövlət proqramı. 1 strategiya və 2 milli fəaliyyət planı təsdiq olunub və reallaşdırılıb (hazırda 3-cü fəaliyyət planı icra edilməkdədir). Bu qədər müddət ərzində ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində atılan addımların nəticələrinin qiymətləndirilməsi, əldə olunan irəliləyişlərin, habelə hansı sahələrdə ümumiyyətlə vəziyyəti dəyişə bilməməyimizin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir.

Qiymətləndirmənin məqsədi ölkədə həyata keçirilən antikorrupsiya tədbirlərinin səmərəliliyini və nəticələrini qiymətləndirməkdir. Bütün bu araşdırma və tədqiqatların nəticəsi olaraq sonda korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə yönəlik 7 istiqamətdə cəmi 45 tövsiyə işlənilib.

 

Ətrafl: http://nhmt-az.org/frontend/pages/corruption-inner.php?id=178

 

3. Hüququi yardım

Hesabat dövrü (yanvar-dekabr) ərzində Azərbaycan Respublikasının neft sənayesində çalışan təqribən 1000, digər sahələrdə çalışan 400 nəfər, ümumimilikdə isə 1400 nəfərə yaxın işçiyə və vətəndaşlara: əmək, sosial, iqtisadi və mülki sahədə  hüquqi yardım göstərilmişdir. Hüquqi yardımlar digər sahələrdə çalışan işçilərə, vətəndaşlara, o cümlədən əlillərə, pensiyaçılara, gənclərə, qadınlara və digər vətəndaşlara da göstərilmişdir

Hüquqi yardım: şifahi, telefon və internet vasitəsi ilə də aparıldığndan müraciət edənlərin müəyyən hissəsinin qeydiyyatını aparmaq mümkün olmamışdır. Eyni zamanda müraciət edənlərin bir çoxu bəzi hallarda özlərini təqdim etmək istəmirlər və ya özlərini təqdim etsələr də müəyyən səbəblərə (İşəgötürənlərdən və dövlət orqanlarından çəkindiklərinə görə) görə adlarının qeydiyyatının aparılmasını və ya açıqlanmısını istəməyiblər.

Təşkilat tərəfindən hüquqi yardımlar aşağıdakı istiqamətlərdə təşkil olunmuşdur:

 

3.1. Marifləndirmə, məlumatlandırma

Təşkilatın ofisində

Marifləndirici bukletlər vasitəsilə

İctimai qəbullar və treninqlər  vasitəsilə

İnternet TV vasitəsilə

Sosial şəbəkələr vasitəsilə

https://www.facebook.com/nhmt.ib/

https://www.facebook.com/Neftçilərin-Hüquqlarını-Müdafiə-Təşkilatı-252293961555136

https://www.facebook.com/azer.quliyev.1656

Telefon internet vasitəsilə (hüquqşünas və təşkilat rəhbərinin e-mail adresi)

Təşkilatın saytı vasitəsilə  nhmt-az.org

 

3.2. Məhkəmə vasitəsilə hüquqi yardım

Hesabat dövründə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən  8 4 nəfər işçi və mülkiyyətçilərinin iddiaları ilə əlaqədar məhkəməyə müraciət olunmuş, Apelyasiya və Kassasiya şikayəti verilmiş, İddia, Apelyasiya və Kassasiya şikayətlərinə Etiraz hazırlanmış, 3-cü şəxs kimi iddiaçılara kömək edilmiş, icra orqanlarında yardım göstərilmiş və hüquqları  qorunmuşdur.[17] Hüquqi yardımlar əsasən, işə bərpa, mülkiyyət hüququ, əmək haqqının ödənilməsi, əmək xəsarətinin qeydə alınması, kompensasiyaların verilməsi və sair üzrə olmuşdur.                               

Təmin olunan – 40  iddia

Qismən təmin olunan – 1  iddia

Təmin olunmayan - 7 iddia

Davam edən məhkəmə işləri - 36

 

Cəmi: 84 iddia

 

Bütün məhkəmə proseslərinin monitorinqi aparılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, Azərbaycan Respubliksı Əmək Məcəlləsinini, Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikası Qanununun və digər normativ hüquqi aktların tələblərini pozduqlarına görə 2 hakimdən Məhkəmə Hüquq Şurasına  şikayət olunmuşdur. 

  

  1. Bakı Apellyasiya Məhkəməsinin Hakimi Şeyda Məhərrəmova.
  2. Bakı Apellyasiya Məhkəməsinin Hakimi Fuad Talışinski

 

Hazırladı: NHMT İB ekspert qrupu


[1] Maddə 164. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı ikiqat ödənilməlidir.

Maddə 209. Əməyin mühafizəsinin əsas prinsipləri(işçinin həyatının və sağlamlığının müəssisənin istehsal fəaliyyətinin nəticələrindən üstün tutulması;)

[2] Dövlət Əmək Müfəttişliyinin 12.01.2021-ci il tarixli məktubu

[3] SOCAR prezidenti cənab R.Abdullayev bu faktı təkzib etməyə çalışsa da Şirkətin illik hesabatlarında şirkət prezidentinin söylədiklərinin əksi yazılır. 

[4] https://www.facebook.com/azxeber1/videos/884717851983134

5. https://www.muhasib.az/xeber.php?id=1509

[6] NHMT hüquqşünasi işə bərpa ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət edib

[7] 12.4. Dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, yaxud vətəndaşın və ya digər şəxslərin hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşı təqib etmək qadağandır

[8] Maddə 57. Müraciət etmək hüququ. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. 

[9] NHMT – nin müvafiq qurumlara etdiyi çoxsaylı müraciətlər, işçilərin keçirtiyi aksiyalar nəticəsində dekabr ayında bütün əmək haqqı ödənilib.

[10] Qeyd; NHMT Greenfields Petroleum Corporationun ölkənin Əmək qanunvericiliyinin pozması ilə əlaqədar onun sərmayədarlarına, Beynəlxalq Müliyyə İnstitutlarına müraciət ünvanlamışdır 

[11] 12 aprel 2020-ci ildə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin online formatda 10-cu iclası keçirilib. Görüşdə gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılmasını ilə bağlı “Əməkdaşlıq Bəyannamə”si təsdiqlənib. “OPEC plus” üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 mln. barrel azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib. “OPEC plus”un  bu qərarına Azərbaycan da öz dəstəyini ifadə edib.

[12] https://news.sky.com/story/amp/coronavirus-bp-plans-to-cut-15-of-global-workforce-due-to-drop-in-demand-12002840

[13] Əmrdə işçilər boşdayanmaya məruz qalmış kimi qeyd olunurlar. Bu isə Əmək Məcəlləsi ilə tənzimlənmir.

[14] Yanvar 2021-ci il tarixindən 1000-ə yaxın işçiyə ixtisara düşmələri ilə əlaqədr Bildiriş verilmişdir. Bildirişə Həmkarlar Təşkilatı rəhbərləri də qol çəkib

[15]  2014-cü ildə aparılan ixtisarlar vaxtı Proqramdan bəhrələnən işçi olmadı,əksinə çoxlu sayda işçiyə 5 aylıq kompensasiya verərək onunla “Razılaşma “sənədi imzalandı. Bu sənədə qol çəkmiş işçi sonradan SOCAR və onun tərəfdaş olduğu şirkətlər tərəfindən vakant yerlərə elan edilmiş müsabiqədə iştirak edə bilməz.

[16] Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin 15.01.21 tarixli, 17/12 saylı məktubu

[17] Hesabatda: Təşkilatın iştirak etdiyi və hüquqi yardım göstərdiyi məhkəmə işləri[i], ayrı -ayrı məhkəmə instansiyaları üzrə göstərilib. Buraya: Rayon və İnzibati, Apellyasiya İnstansiyası, Ali Məhkəmə və icrada olan işlər üzrə nəticələr 4 parametr üzrə göstərilib