NHMT - Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi İnsan Hüquqları və Biznes sahəsində Mükafatın 2022-ci il üzrə laureatı elan edilib

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi İnsan Hüquqları və Biznes sahəsində Mükafatın 2022-ci il üzrə laureatı elan edilib

İnsan Hüquqları və Biznes sahəsində Mükafatı Fondu (Human Rights and Business Award Foundation)

 

Cenevrə, 29 Noyabr 2022

 

Bu gün fondumuz Birləşmiş Millətlər Təşkilatının Biznes və İnsan Hüquqları üzrə illik Forumunda Azərbaycanda fəaliyyət göstərən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyini (NHMT İB) 2022-ci il üzrə İnsan Hüquqları və Biznes sahəsində Mükafatın qalibi elan edir. “İnsan hüquqları müdafiəçilərinin biznesin insan hüquqlarına təsirləri ilə bağlı görkəmli işlərini” qiymətləndirən mükafat 50,000 ABŞ dolları məbləğində  təyin olunub. 2022-ci il mükafatı Birləşmiş Millətlər Təşkilatı Forumunun hüquq müdafiəçiləri sessiyasında və NHMT-nin təsisçisi və sədri Mirvari Qəhrəmanlı, həmçinin Fil Blumer (Phil Bloomer) və Ella Skaybenkonun iştirak etdiyi qısa videoda elan edilib. Videoya Azərbaycanrus və ingilis dillərində baxa bilərsiniz.

 

1996-cı ildə bir qrup neftçi tərəfindən təsis edilmiş NHMT İB Azərbaycanda fəaliyyət göstərən neft və qaz şirkətlərinin insan hüquqlarına təsirlərini araşdırır. Təşkilat neft və qaz sənayesi işçilərinin hüquqlarını müdafiə edir və irimiqyaslı neft və qaz layihələrinin ictimai monitorinqini aparır. O həmçinin neft və qaz gəlirlərinin cəmiyyətin mənafeyi naminə şəffaf və ədalətli xərclənməsi üçün çalışır, Azərbaycanda “insan kapitalına” (o cümlədən təhsil və səhiyyəyə) daha çox sərmayə qoyulmasına çağırır.

 

Fondun idarə heyətinin üzvləri (Kristofer Averi [Christopher Avery], Reqan Ralf [Regan Ralph] və Valeriya Skorza [Valeria Scorza]): “Biz 2022-ci il mükafatını neft sənayesinin üstünlük təşkil etdiyi bir ölkədə insan hüquqlarının müdafiəsi ilə bağlı müstəsna işlər görən kiçik, amma yüksək səviyyədə sayılan təşkilat olan NHMT-yə verməkdən çox məmnunuq”.

 

Fondun Məsləhət Şəbəkəsinin üzvü Ella Skybenko (Biznes və İnsan Hüquqları Resursları Mərkəzi [Business & Human Rights Resource Centre], Şərqi Avropa/Mərkəzi Asiya üzrə Baş Araşdırmaçı və Nümayəndə) belə şərh etdi: “NHMT komandasının peşəkarlığı, fədakarlığı və cəsarəti məni heyrətləndirməkdə davam edir. Onlar neftçilərə öz hüquqlarını qorumaqda köməklik edir və hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin ölkə qanunvericiliyinin icrasına məsuliyyətlə yanaşması üçün mümkün təsiredici işlər görürlər”.

 

Məsləhətçi Şəbəkə üzvü Qada Abdel Tawab (Ghada Abdel Tawab) (Ford Fondunun [Ford Foundation] Qlobal Baş Proqram Mütəxəssisi, Future of Workers – International) dedi: “NHMT çox çətin bir şəraitdə təsirli işlər görür. Onlar müşahidə etdikləri pozuntuların monitorinqi və sənədləşdirilməsi ilə yanaşı, hökumətin neft gəlirlərindən necə istifadə etdiyini sistemli və struktur şəkildə öyrənirlər”.

 

Fil Blumer (Phil Bloomer), Biznes və İnsan Hüquqları Resursları Mərkəzinin (Business & Human Rights Resource Centre) İcraçı Direktoru, qeyd etdi: “NHMT öz hüquqlarını öyrənmək sahəsində işçilər arasında maarifləndirmə işi apararaq,iş yerlərindəki bədbəxt hadisələrə qarşı çıxaraq və eləcə də ölkədə çirklənmə və korrupsiyaya qarşı duraraq Azərbaycanda çox vacib rol oynayır. Mirvari və bütün komandasını səmimi qəlbdən təbrik edirəm”.

 

Mirvari Qəhrəmanlı, NHMT-nin təsisçisi və sədri

 

NHMT-nin təsisçisi və sədri Mirvari Qəhrəmanlı: “NHMT və 26 illik fəaliyyətimiz ərzində müdafiə etdiyimiz minlərlə insan adından mükafata görə təşəkkür edirik. Mükafat bizə neftçilərin hüquqlarının müdafiəsini və ölkənin enerji sektoruna vətəndaş cəmiyyətinin nəzarətini təşviq edən işimizi genişləndirməyə kömək edəcək”.

 

NHMT ölkədəki neft şirkətlərinin necə fəaliyyət göstərməsi ilə bağlı reallıqları bilir, bu da qismən Mirvari Qəhrəmanlının əvvəlki karyerası dövründə SOCAR-da (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti) menecer vəzifəsində çalışması ilə bağlıdır. Mirvari Q. Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirmişdir”.

 

NHMT-nin fəaliyyətinə daxildir:

 

  • İşçilərin öz hüquqları haqqında məlumatlılığının artırılması.
  • Əmək hüquqlarının pozulması hallarının müəyyənləşdirilməsi və onların aradan qaldırılmasına çağırış.
  • Təhlükəli iş şəraitinə diqqət çəkmək; ölən və ya yaralanan işçilər üçün ədalət axtarışı
  • Neft şirkətləri tərəfindən ətraf mühitin çirkləndirilməsi və onun sağlamlığa təsirinin diqqət mərkəzində saxlanılması
  • Hüquqları pozulmuş işçilərə hüquqi yardımın göstərilməsi (2021-ci ildə 54 ayrı iddia üzrə 65 nəfərə yardım).
  • Qanun islahatlarına çağırış
  • Beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələr də daxil olmaqla irimiqyaslı neft layihələri üzərində ictimai monitorinqin aparılması
  • Korrupsiyaya qarşı mübarizə.

 

NHMT-nin Əmək hüquqları və gender qanunlarını müzakirəsi üzrə qadın işçilər üçün seminarı

 

NHMT çətin şəraitdə fəaliyyət göstərir:

 

2013-cü ildə İsveçrədə yerləşən İnsan Hüquqları Müdafiəçilərinin Müdafiəsi üzrə Müşahidə Qrupu  (Observatory for the Protection of Human Rights Defenders) Azərbaycanda NHMT sədri Mirvari Qəhrəmanlının 17 yaşlı nəvəsinə hücumla bağlı xəbərdarlıq edib. Xəbərdarlıqda deyilir ki, iki nəfər nəvəsinin yanına gəlib, onun çiynindən tutaraq, anasının və nənəsinin “mətbuatda necə danışmağı” ona “məsləhət” ediblər. “İddialara görə, anasını susdurmaq üçün onun dilini kəsməklə hədələyiblər. Sonda gəncə edilən fiziki təzyiq nəticəsində  onun çiynində və boynunda göyərmə əmələ gəlib . Xəbərdarlığın sonunda deyilir: “Müşahidə Qrupu Camal Əzizova qarşı hücumu, eləcə də xanım Mətanət Əzizovaya (onun anası, Qadın Krizis Mərkəzinin rəhbəri) və xanım Mirvari Qəhrəmanlıya (nənəsi) olan təhdidləri pisləyir və bildirir ki, bu, iki qadının insan hüquqlarının pozulması haqqında məlumat vermək səylərini susdurmaq cəhdidir. Həmin ərəfədə xanım Qəhrəmanlı həqiqətən də Dövlət Neft Şirkətində qadınların hüquqlarının pozulması və seksual qısnama ilə bağlı bir neçə məqalə və müsahibələr dərc etdirib.”

 

2014-cü ildə Mirvarinin həm şəxsi, həm də NHMT-nin bank hesablarına girişi bloklanıb. 2014-cü ildə BMT-nin Biznes və İnsan Haqları üzrə İşçi Qrupu Azərbaycanda biznes və insan hüquqları məsələləri ilə məşğul olan hüquq müdafiəçilərinin üzləşdiyi məhdudiyyətlərdən narahatlığını ifadə edib.

 

2018-ci ilin dekabrında NHMT SOCAR-ı ekoloji standartlara əməl etmədiyinə görə tənqid etdikdən sonra hökumətyönlü media orqanları tərəfindən Mirvarini gözdən salmaq üçün təhqiramiz kampaniya aparıb. Bu kompaniya, hüquqmüdafiəçiləri koalisiyası tərəfindən pislənib. Amnesty International-ın Azərbaycanla bağlı 2021/22 hesabatında deyilir: “Hökuməti tənqid edənlərə qarşı təqiblər davam etdi… Özbaşına məhdudiyyətlər insan hüquqları müdafiəçilərinin və QHT-lərin işini zəiflətməyə davam etdi”.

 

Gender məsələləri:

 

NHMT İB 2020-ci ilin mart ayında yaydığı hesabatında (2019-cu ili əhatə edir) qeyd edib ki, dövlət neft şirkəti SOCAR-da çalışan qadınların sayı əvvəlki illərlə müqayisədə azalıb. SOCAR-ın 14 yüksək vəzifəli əməkdaşından yalnız bir nəfəri, BP Azərbaycan şirkətinin isə 14 nəfərdən ikisi qadındır. NHMT-nin məlumatına görə, 2021-ci il yanvarın 1-nə SOCAR işçilərinin yalnız 16%-i qadınlardır.

 

NHMT-nin kömək etdiyi çoxsaylı cinsi qısnama qurbanlarına bir misal: SOCAR-a məxsus neft platformasında çamaşırxanada işləyən qadının həmin platformanın rəis müavini tərəfindən cinsi təcavüzə məruz qaldığı bildirilir. Xanım şikayət etdikdə onu işdən çıxardılar; o isə özünü təhqir olunmuş hiss edib və intihara cəhd edib. NHMT yaranmış   problemi SOCAR-la müzakirə etdikdən sonra, qadın  öz işinə qayıda bildi.

 

Günəşli yatağının 10 saylı platformasında yanğın (foto: Wikipedia)

 

İş yerində baş verən qəzaların araşdırılması: Bir misal: NHMT 2015-ci ildə SOCAR-n “Günəşli” neft yatağındakı 10 saylı dərin dəniz platformasında baş vermiş fəlakətli yanğınla əlaqadar mühim işlər görüb. Yanğın baş verən zaman NHMT-yə platformadakı işçilərdən zənglər gəlib və hadisə ilə bağlı ictimaiyyətə ilk məlumat NHMT tərəfindən verilib, şirkət isə nisbətən susub. Daha sonra NHMT bir qrup ekspertin köməyi ilə fəlakəti təhlil edən hesabat hazırlamışdır. Hesabatda cavabdeh şəxslərin insan itkisinin qarşısını ala biləcək  qayda və qanunlara necə əməl edilmədiyi  ətraflı qeyd olunub. Hesabatda yanğın zamanı 30 işçinin həlak olduğu (12 cəsəd tapılıb, 18 cəsəd tapılmayıb), bir çoxlarının yaralandığı bildirilir. Hesabatda həmçinin qəza zamanı zədə alan ,lakin maddi və psixoloji yardım almayan yaralı işçilər (çoxları ciddi yanıqlarla) haqda da məlumat verilib.

 

“Günəşli” platformasında baş verən yanğında xəsarət alan neftçilərdən biri

 

Geniş spektrli problemlər:

NHMT müfəssəl hesabatlarını ingilis və azərbaycan dillərində öz saytında yerləşdirir. Son illər NHMT tərəfindən qaldırılan problemlərə aşağıdakılar daxildir:

 

  • “Həmkarlar ittifaqları işçilərin hüquqlarının müdafiəsində demək olar ki, heç bir rol oynamır”. Ölkədə müstəqil həmkarlar ittifaqları yoxdur
  • İşini itirmək qorxusu işçilərin şikayət mexanizmlərindən istifadə etməsinə mane olur.
  • “Hasilat sənayesində ayrı-seçkiliyin əsas səbəblərindən biri qohumbazlıqdır ki, bu da xüsusilə işə qəbul, əmək haqqının ödənilməsi və əmək müqavilələrinə xitam verilməsi zamanı müşahidə olunur”.
  • “Neft layihələrində iştirak edən bəzi xarici şirkətlərdə də yerli işçilərə qarşı ayrı-seçkilik müşahidə olunur”.
  • İş yerində ölənlərin və xəsarət alanların rəsmi sayı faktiki rəqəmdən az göstərilir , bir çox hallarda qəzalar gizlədilir.
  • SOCAR strukturuna daxil olan idarə və müəssisələrdə işçilər hakim partiyaya (Yeni Azərbaycan Partiyası) üzv olmağa məcbur edilir.
  • İşçilərin siyasi baxışlarına görə təqiblər də var

 

Çirklənmiş neft yatağı, Azərbaycan (foto: Bruce Brander / Science Photo Library)

 

Ətraf mühitin çirklənməsi və icma sağlamlığı:

 

NHMT-nin 2021-ci ili əhatə edən son illik hesabatında qeyd olunub ki, Azərbaycanda ekoloji pozuntulara görə, SOCAR, BP Azərbaycan şirkəti, Bahar Enerji ƏŞ (təsisçisi Greenfields Petroleum Corporation Kayman adalarında qeydiyyatdan keçib.), Salyan Oil (ARDNŞ və Çin Milli Neft və Qaz Kəşfiyyat və Hasilat Korporasiyasına məxsusdur), Neftçala ƏŞ (ARDNŞ-a Rusiyanın Global Enerji şirşəti) Suraxani Oil, AzGerneft, Balaxani Əməliyyat Şirkətləri və s. Ekologiya Nazirliyi tərəfindən cərimələniblər.

 

NHMT-nin 2018-ci il hesabatında qeyd edilir ki, hasilat sənayesi ölkədə ən çirkləndirici sektordur”, lakin ekoloji hüquq pozuntularına görə bu vaxtadək heç bir məsul şəxs məsuliyyətə cəlb olunmayıb, şirkətlər sadəcə cərimələnir. Müstəqil ekspertlər və dövlət qurumları tərəfindən, neft layihələrinin ətraf sosial mühitə təsiri ilə əlaqədar risqə məruz qalan ərazilərdə aparılan monitorinq və qiymətləndirmələr təsdiq edir ki, hasilat zamanı baş verən çirklənmələr əhalinin sağlamlığına ciddi təsir edir. Xüsusilə ölüm, tənəffüs yolları xəstəlikləri və ürək-damar xəstəlikləri nisbətlərinə nəzər salan NHMT ekspertinin (“Neft və qaz hasilatının ətraf mühitə və insan sağlamlığına təsiri”) ətraflı müqayisəli təhlili göstərdi ki, Azərbaycanın neft hasil edən rayonlarında yaşayan insanların sağlamlıq vəziyyəti ölkənin digər bölgələri ilə müqayisədə xeyli pisdir.

 

2022-ci il üzrə olan mükafata bütün namizədlər

Aşağıda fondun Məsləhət Şəbəkəsinin üzvləri tərəfindən 2022-ci il İnsan Hüquqları və Biznes sahəsində Mükafatına namizəd olan bütün təşkilatların siyahısı verilmişdir. Bunların hər biri beynəlxalq səviyyədə tanınmağa layiq olan mühüm işlər görür.

 

 

Mükafat hər il bölgəyə görə dəyişir – bu il keçmiş Sovet İttifaqı ölkələri olub, gələn il Latın Amerikası və Karib hövzəsi ölkələri olacaq.