SOCAR-da yeni idarəetmə dövrü: mövcud hesabatlar və statistik göstəricilər əsasında yeni və köhnə idarəçiliyin müqayisəli analizi
Giriş
Ölkə iqtisadiyyatına verdiyi töhfəyə, sahib olduğu aktivlərin həcminə və maliyyə potensialına görə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə müqayisə edilə biləcək hansısa müəssisə yoxdur. Yəni, SOCAR sistemyaradıcı əhəmiyyətə malik iqtisadi struktur. Həm bu amilə, həm də şirkətin tamamilə dövlətə aid olmasına görə SOCAR-ın digər biznes struktrulardan fərqli olaraq daha şəffaf və hesabatlı olması zəruridir. Məsələn, Azərbaycanda ictimai müzakirələrdə Dövlət Neft Fondunun öz fəaliyyətində Norveçin Qlobal Pensiya Fondunu nümunə kimi götürməsi təklif edilir. Amma oxşar təklif SOCAR üçün daha vacibdir. Norveçin “Equinor” neft-qaz hasilatı şirkəti də dövlət müssisəsidir və ən yüksək səviyyədə hesabatlılıq nümayiş etidirir və təqdim olunan analizdə həmin şirkətin hesabatlılıq təcrübəsi ilə bağlı nümunələr veriləcək.
Son 6 ildə (2020-ci ildən başlayaraq) SOCAR-da idarəetmənin təkmilləşdirilməsi adı ilə bir sıra addımlar atılıb. Əvvəlcə şirkətin idarəçiliyində söz sahibliyi 2020-ci ilin avqustunda yaradılan İnvestisiya Holdinqə[1] keçdi. Holdinqin əsas vəzifəsi belə müəyyən edilib: SOCAR-la bərabər 10-dan artıq dövlət müəssisəsinin vahid prinsiplər əsasında idarə olunmasını, onların həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsini, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılmasını təmin etmək. İnvestisiya Holdinqin Nizamnaməsindən[2] də aydın olur ki, bu qurum dövlətin SOCAR-a ayırdığı investisiyaların səmərəli istifadəsi üzərində nəzarəti həyata keçirmək səlahiyyətinə malikdir.
Bunun ardınca (2021-ci ilin yanvarında) SOCAR-ın fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirmək üçün şirkətin Müşahidə Şurası yaradıldı[3]. Bu addım beynəlxalq təcrübəyə istinad edilərək atılsa da, yaxşı təcrübələrdən fərqli olaraq onun Müşahidə Şurası tamamilə yüksək vəzifəli hökumət məmurlardan təşkil edilir. Şurada hətta bir nəfər də olsa müstəqil, hökumətdənkənar şəxs yoxdur və faktiki olaraq bütün üzvlər siyasi vəzifə tutan təmsilçilərdir. Halbuki beynəlxalq təcrübədə korporativ idarəçilər peşəkar və kənar şəxslərdən ibarət olur.












