
Çoxtərəfli Qrupun (ÇQ) hüquqi statusunun müəyyən olunması ilə bağlı Tövsiyə sənədi
Azərbaycanda Mədən hasilatı sənayesində şəffaflıq təşəbbüsü üzrə mövcud olan sənədlər, o cümlədən “Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında” Memorandumu və ona əlavələr, eləcə də “Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun təşkili və fəaliyyəti haqqında Razılaşma sənədləri MHŞT yeni standartlarına[1] uyğun deyildir. Hazırda MHŞT üzvü olan ölkələrin bir çoxunda yeni standartların tətbiqi istiqamətində fəaliyyətlər həyata keçirilir. Bu ölkələrin bir qismi MHŞT-ya dair tələbləri mövcud qanunvericilik aktlarında, o cümlədən informasiya əldə edilməsi ilə bağlı qanunvericilikdə, mineral ehtiyatlar və onlardan istifadəni tənzimləyən qanunvericilik aktlarında və ətraf mühitə dair qanunvericilik aktlarında əks etdirirlər. Bir neçə ölkədə[2] MHŞT haqqında ayrı qanun qəbul olunmuşdur. Bir qısım ölkələr isə MHŞT ilə bağlı razılaşma sənədlərində müvafiq dəyişikliklər etməklə yeni standartların tətbiqinə nail olmaq istəyirlər. Azərbaycan sonuncu ölkələrə aiddir, baxmayaraq ki, Qeyri-Hökumət Təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının sifarişi ilə hələ 2010-cü ildə “Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü haqqında qanun layihəsi hazırlanmış və həmin layihə 2013-cü ildə yeni standartlara uyğunlaşdırılmışdır.
Təqdim edilən tövsiyələr Azərbaycanda mədən sənayesində şəffaflığın təmin olunmasına, ictimaiyyətin hasilat sənayesindən əldə edilən gəlirlərə dair müfəssəl məlumatlar əldə etməsinə, mədən hasilatının ətraf sosial və ekoloji mühitə təsirlərinə dair məlumatların əldə edilməsinə, eləcə də bu gəlirlərin xərclənməsi ilə bağlı məlumatlara çıxışı üçün qanunvericiliyin təkmilləşdirilməsinə istiqamətlənmişdir.